Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park.
Sahil bağı | |
---|---|
| |
Məlumatlar | |
Parkın tipi | park |
Yerləşməsi | Üzeyir Hacıbəyov küçəsi, Bakı, Azərbaycan |
Sahəsi | 22 min m2 |
Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.[1]
SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular.[1]
2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi.[2]
Bakının mərkəzində yerləşən böyük və səliqəli parkdır. Bu gün burada, düz parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.[3]
Ərazisi 22 min m2 olan bu istirahət guşəsində 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.[1]
Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib. İşıqlandırma sistemində isə İtaliya istehsalı olan avadanlıqdan istifadə edilib.[1]
Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu bağ tarixi tikililərlə əhatə olunub.[3]
Bağın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.[3]
Azərbaycan Rəssamlar İttifaqı da bu binada yerləşir. Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişdiyi yerdə. 1932-ci ildə yaradılmış Rəssamlar İttifaqı Azərbaycan rəssamlıq məktəbinin nümayəndələri olan çoxsaylı görkəmli heykəltaraş və rəngkarları birləşdirir.[3]