Qulu Zəngilanlı
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006).
== Həyatı ==
Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.
Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.
1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.
1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub.
1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib.