ZİKR

[ ər. ] köhn.
1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə.
□ Zikr etmək (eyləmək) köhn.1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək.
[Dərviş:] Mən də [Ruqiyyənin] adını ürəyimdə yox, dilimdə zikr etdim. A.Divanbəyoğlu;

2) söyləmək, demək, ifadə etmək.
Bütün gün fikr eylərəm; Dərdimi zikr eylərəm. (Bayatı).
…Necə ki vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. M.F.Axundzadə.
Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Ə.Haqverdiyev;

3) oxumaq (dua).
Alverçi hacılar, baqqallar, müamiləçilər, dəllallar bəzən sabaha qədər yatmazdı, namaz qılıb zikr edərdi. H.Sarabski.

Zikr olunmaq köhn.1) anılmaq, yad edilmək, xatirə gətirilmək, adı çəkilmək, adı söylənmək;
2) haqqında danışılmaq, söylənilmək, ifadə olunmaq.
Şah Abbasın cülusundan altı il keçib yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə.
Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən 1-2 ay keçəndən sonra Mirzə Cavad köçdü kəndə. Ə.Haqverdiyev.

2. din. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə.
□ Zikr demək – məsciddə axundun oxuduğu duanı onun ardınca eyni ilə təkrar etmək.
Zikr təsbehi – dindarların dua oxuyaoxuya çevirdikləri təsbeh.
[Hatəmxan] özü isə mollanın ala-bəzək zikr təsbehini əlinə aldı. S.Rəhimov.

3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir).
Fikrim-zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi.
…Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur dolma ilə, …isgəncəbi ilə. C.Məmmədquluzadə.

ZİHƏYAT
ZİQİYMƏT
OBASTAN VİKİ
Zikri Ərdəbili
Zikri Ərdəbili (1790, Ərdəbil – XIX əsr) — Azərbaycan şairi. Zikri Ərdəbili Azərbaycanın istedadlı şairlərindəndir. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə Ərdəbil şəhərində anadan olmuşdur. Zikrinin əsl adı İbrahim, atasının adı Həsəndir. O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanandələr tərəfindən oxunmuşdur. Şeirləri 20 cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildində (1988) çap olunmuşdur.
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.

Digər lüğətlərdə