Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası.
Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur.
Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı.
O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur.
Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur.
Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir.
SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.