Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı.
== Həyatı ==
Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.