Həmid bəy Şahtaxtinski
Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880, Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 fevral 1944, Arxangelsk, Arxangelsk vilayəti, Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi.
== Həyatı ==
Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur.
== Təhsili ==
1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədis dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, Təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrə görə isə 1904-1909-cu illərdə seminariyada müəllim işləmişdir.
1907-ci ildə H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu, ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.