Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir İsmayıl oğlu Əhmədov — Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehlak mallarının ekspertizası" kafedrasının professoru, texniki elmlər namizədi (1973), professor (2001), Əməkdar müəllim (2002), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı (2010). 355-dən çox elmi əsərin, o cümlədən 84 kitabın müəllifidir.
1942-ci ilin fevralın 6-da Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra (1958) Bakı Ticarət Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnmişdir (1960). 1960-cı ilin noyabrından 1964-cü ilin avqustunadək Sovet Ordusunun sıralarında xidmət etmişdir.
İnstituta qəbul olunduqdan əvvəl (1964) Şəkidə qənnadçı və hərbi sanatoriyada aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək "Yeyinti məhsulları əmtəəşünaslığı" ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ildə "Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi" mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildən ali məktəbdə assistent, baş müəllim, dekan müavini (1977–1983), dekan (1984–1987) və kafedra müdri (1983–1984, 1989–2001, 2006–2015) işləmişdir. 2001-ci il iyun ayının 5-də "Azərbaycan Dövlət İqtisad Universiteti" Elmi Şurasının qərarı ilə Ə.Əhmədova "Ərzaq malları əmtəəşünaslığı" kafedrası üzrə professor elmi adı verilmişdir.