Mirzə Cəlil
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.