Hoşyar Zəbari
Hoşyar Mahmud Məhəmməd Zəbari (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi. O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır.
== Həyatı ==
Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır.
== Şəxsi həyatı ==
Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir.