Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933).
== Həyatı ==
Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır.
1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir.
Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir.
1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur.
1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.