Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır.
== Həyat və fəaliyyəti ==
Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.