is. [
ər. ]
1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək.
– [Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə.
[Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.
□ Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək.
Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov.
Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir.
…Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə.
Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev.
Məsləhət etmək (eləmək) –
1) bax
məsləhət görmək.
Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahi də xəlvət. Q.Zakir;
2) bax
məsləhətləşmək 2-ci mənada.
Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə.
Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət.
Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək.
[Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı.
Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək.
Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev.
[Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı.
2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək.
// Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.