Məhərrəm Haşımov
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951).
== Həyatı ==
Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.
Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.
1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.
Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis,
1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.
Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir.