Five Nights at Freddy's (videooyun)
Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən 2014-cü ildə hazırlanmış və yayımlanmış survival horror janrında videooyun. Pizza restoranında keçən bu oyunda oyunçular gecə növbəsində çalışan mühafizəçi Mayk Şmidti idarə edirlər. Şmidt gecə saatlarında canlanan qatil animatroniklər tərəfindən yaxalanmadan iş növbəsini tamamlamalıdır. Oyunçu animatroniklərdən qorunmaq üçün kameralara nəzarət etməli və qapıları kilidləməlidir. Oyunçular bu alətləri istifadə edərkən ehtiyatlı olmalıdırlar, çünki hər istifadədə elektrik enerjisi azalır və oyunçunun sahib olduğu enerji bitərsə bu alətlər artıq yararsız hala düşür.
Məşhur oyun seriyasının yaradıcısı Skott Kouton əvvəlki oyunu olan "Chipper & Sons Lumber Co" haqqında bildirilən mənfi rəylərə cavab olaraq bu oyunu yaradıb. Bu oyun oyunçuların narazılığına səbəb olmuşdu, onlar oyundakı personajların qorxuducu animatroniklərə oxşadığını düşünürdülər. Bunu görən Kouton məyus olmaq əvəzinə, parlaq bir fikir irəli sürdü, beləliklə FNaF ortaya çıxdı. "Five Nights at Freddy's" oyunu Clickteam Fusion 2.5 adlı oyun mühərrikinin köməyilə yaradılmışdır. Oyunun hazırlanması altı ay çəkib.