Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir.
İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.