1. Ağaclara, kollara mənsub olmayan yaşıl gövdəli incə bitki. Alaq otu. Yem otu. Ot biçmək.
– [Mələk] bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı…
// Yerin həmin bitkilərdən ibarət yaşıl örtüyü. Otun üstü ilə getmək.
2. Həmin bitkinin, yaş və ya quru halda heyvan yemi kimi işlədilən biçilmişi, açılmışı. İnəyə ot vermək. Quru ot.
– Niyaz da gah [atın] qabağına saman tökür, gah da ot qoyurdu.
◊ Ot kökü (kök) üstə bitər – övlad öz valideynlərinə çəkər, öz valideynləri kimi olar.
[Hümmət Şahmara:] Bəs deyirlər ot kökü üstə bitər, Əsəd kimi adamdan belə törəmə?!
Ot yolun gah altında (sağında) bitər, gah da üstündə (solunda) – həyatın həmişə bir tərzdə, bir qaydada getmədiyinə, gah pis, gah da yaxşı, gah yüngül, gah da ağır keçdiyinə işarə.
[Səttar:] Buna dünya deyərlər ey! Ot yolun gah altında bitər, gah da üstündə!
Ota düşmək – ot yeməyə başlamaq (otyeyən körpə heyvanlar haqqında). Quzu ota düşüb. Buzov hələ ota düşməyib.