Qaftan
Qaftan — qədim türklərdə geyim forması.
Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur.
Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır.
Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi".
Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum?