Rəşid xan Qaplanov
Rəşid xan Zabit oğlu Qaplanov və ya Kaplanov (az-əbcəd. رشید خان ظابط اوغلو قاپلانوو; 1883 və ya 1885, Terek vilayəti – 10 dekabr 1937 və ya 1937, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə maarif və dini etiqad, sonra isə maliyyə naziri, Dağlılar Respublikasının daxili işlər naziri, Dağlı Parlamentinin sədri, Dağlı Parlamentinin üzvü, Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı Mərkəzi Komitəsinin sədr müavini, daha sonra isə sədri, Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı və xarici əlaqələr komissarı.
Həm Azərbaycan Xalq Cümhuriyyəti, həm Dağlılar Respublikası rəhbərliyində iştirak etmiş üç siyasətçidən biridir. Repressiya qurbanı olmuş, dəfələrlə həbs edilmiş, 1937-ci ildə öldürülmüşdür.
Rəşid xan Qaplanov 1883-cü ildə qumuq Qaplanovlar ailəsində, Ağsay kəndində doğulmuşdur. İlk təhsilini Yaxsay mədrəsəsində almışdır. Daha sonra Vladiqafqaz real məktəbini bitirmişdir. Ali təhsilini Sorbon Universitetində alan Rəşid xan, 1910-cu ildə Sorbon Universitetinin hüquq fakültəsindən məzun olmuşdur.
Daha sonra Parisdə olarkən tanış olduğu Gənc türklər hərəkatının üzvləri tərəfindən İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. İstanbulda Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi Elmlər məktəbində isə konstitusiya hüququndan dərs demiş, Ədliyyə Nəzarətində qanunvericilik islahatları komissiyasında çalışmışdır.