Qumru Nərimanova
Qumru Molla Məhəmməd qızı Nərimanova — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş tanınmış qadın pedaqoq, maarifçi, Bakı şəhər Sovetinə deputat
1892-ci il noyabrın 3-də Tiflisdə anadan olmuşdur. Dövlət xadimi N. Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir.
O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olmuş, hətta "Lenin" ordeninə layiq görülmüşdür. Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müəyyən rolu və xidmətləri var.
Sabir Gəncəlinin işləyib hazırladığı "Qadın, Gözəllik və Ülviyyət" adlı ensiklopedik toplunun "Nərimanovlar soyadının davamçıları" adlı bölməsində Q. Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilmişdir.
1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirmişdir.
Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A. S. Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir.
Digər arxiv sənədində göstərilirdi ki, o 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini, Almaniyada ali mühəndis təhsili almış Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub və bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlib.
Onlar Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışmış, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs demişlər.
Qumru xanım Nərimanova H. Z. Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər.