Rosa rugosa
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır.
Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.