Phlojodicarpus sibiricus
Sibir şişmeyvəsi (lat. Phlojodicarpus sibiricus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Yeraltı orqanları qısa, şaquli, çoxsaylı kökümsov və mil köklərə malik olmaqla, uzunluğu 15-25 (50) sm-ə bərabərdir. Gövdəsinin hündürlüyü 15-70 sm, sadə və ya budaqlanan, qabırğalı, çılpaq və qısa tükcüklüdür. Kök üstündə olan yarpaqları çoxsaylı, lələkvari 3 bölümlü, göyümtül-yaşıl rənglidir. Yarpaq lövhəcikləri uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkilli olub, uzunluğu 5-30 sm, eni isə 2-10 sm olub, xətti-neştərşəkilli və itiucludur. Gövdə yarpaqları olduqca az, (2-4 ədəd) əksəriyyəti kiçik, güclü genişlənmiş və uzunsov qınlı olub, bənövşəyi rənglidir. Mürəkkəb çətir çiçək qrupuna malik olmaqla, 10-25 şüadan ibarətdir. Yarpaqları nisbətən burulan olmaqla, 5-8 ədəd, erkən tökülən, ağımtıl-pərdəli və xətti-neştərvaridir.