Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsində o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir.
1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib.
== Həyatı ==
=== Erkən illəri ===
Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.