Asif Şirinov
Asif Əhməd oğlu Şirinov (31 avqust 1959, Dövlətyarlı, Füzuli rayonu) — Azərbaycan aktyoru, quruluşçu rejissor və baş rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
== Həyatı ==
Asif Şirinov 1959-cu il avqustun 31-i Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
== Fəaliyyəti ==
1977–1979-cu illərdə M.K. Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri olmuşdur. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A. Səfərli "Fantan ərə gedir”də Misir, S. S. Axundov "Eşq və intiqam”da Cəbi, R. Səməndər "Gəlməyin, görməyin, gülməyin”də Məhəmmədəli, C. Məmmədov "Günəş zindanda”, Şeyx Hidayət "Məhəbbət yaşayır hələ”də Kərəməli, Anar "Təhminə və Zaur”da Murtuz, C. Cabbarlı "Almaz”da Mirzə Səməndər, "Aydın”da Mirzə Cavad, Ə. Haqverdiyev "Dağılan tifaq”da Həmzə, M. Qacar "Qabanın səfəri”ndə Porsuq, S. Səxavət "Qapıların o üzündə qalan dünya”da Gülalı, H. Mirələmov "Vicdanın hökmü”ndə Rəhman, S. S. Axundov "Tamahkar”da Əliqulu, S. Axundov "Bəndalı bəndə düşüb”də Qurban, N. Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Dəli Yaşar, Ş. Tofiqqızı "Taleyin bir üzü”ndə Baba, R. Əlizadə "Dünyanın axırı"da polis və s. obrazlarını yaratmışdır.
2007-ci ildən isə Füzuli Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. O, A. Səfərli "Qarabağım qan ağlar”, N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”, "Daldan atılan daş topuğa dəyər”, S. Axundov "Bəndalı bəndə düşüb”, S. S. Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, H. Mirələmov "Vicdanın hökmü”, İ. Əfəndiyev "Unuda bilmirəm”, C. Məmmədquluzadə "Kamança”, T. Məmmədov "Ana abidəsi”, S. Rüstəm "Çimnaz xanım yuxuda”, M. S. Ordubadi "5 manatlıq gəlin”, N. Vəzirov "Adı var, dadı yox”, İ. Məlikzadə "Subaylarınızdan görəsiniz”, H. Mirələmov "Xəcalət”, M. F. Axundzadə "Hacı Qara”, Ə. Əmirli "Varlı Qadın” və s. tamaşalarının qurluşçu rejissorudur.