Gəncə quberniyası
Gəncə quberniyası (rus. Елисаветпольская губернiя) (1918-ədək Yelizavetpol quberniyası) — Rusiya imperiyasının quberniyalarından biri.
== Tarixi ==
Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı.Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi.Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırdı.