Azərbaycan–Bəhreyn münasibətləri
Azərbaycan–Bəhreyn münasibətləri — Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin noyabrın 6-da qurulmuşdur.
Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Bəhreyn Dövlətində fövqəladə və səlahiyyətli səfiri var.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 28 mart 2006-cı il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.
26 iyul 2006-cı il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Əlövsət oğlu Abdullayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. O, 5 sentyabr 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.
27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.