Barbus brachycephalus
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü.
Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.