DAĞILMAQ

f.
1. Sökülmək, uçulmaq, altüst olmaq, xaraba halına gəlmək. Daşqın zamanı bəndlər dağıldı. Zəlzələdən çoxlu ev dağılmışdır. Körpü seldən dağıldı.
// Bərbad hala gəlmək, pozulmaq. Təsərrüfat dağıldı.
2. Çox işlənməkdən, geyilməkdən, sürtülməkdən yaramaz hala gəlmək, cırılmaq, yırtılmaq, parça-parça olmaq. Ayaqqabı dağılmışdır.
3. Darmadağın olmaq, məhv olmaq, ortadan çıxmaq, öz varlığını itirmək, süqut etmək.
[Aslan bəy:] …Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa gələcək. C.Cabbarlı.
Qoşunun başçısı ölsə də, möhkəm qoşun dağılmaz. M.Hüseyn.

4. məc. Yavaş-yavaş seyrəkləşərək, yayılaraq yox olmaq, çəkilib getmək. Duman dağıldı.
// məc. Puç olmaq, boşa çıxmaq, baş tutmamaq, alt-üst olmaq. Bütün ümidlərim dağıldı.
5. Pərakəndə halda, necə gəldi ora-bura tökülmək. Muncuqlar qırılıb yerə dağıldı. Un kisədən dağıldı.
6. Tökülmək, o tərəf-bu tərəfə axıb getmək. Su dağıldı. Süd dağıldı.
7. Pərakəndə halda tökülmək.
[Güllü nənənin] qar kimi dümağ pırtlaşıq saçları mütəkkənin üstünə dağılmışdı. S.Rəhimov.

8. məc. İflas etmək, vardan-yoxdan çıxmaq, kasıblaşmaq.
[Məşədi İbad:] A kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim. Ü.Hacıbəyov.

9. Müxtəlif tərəflərə getmək, hərə bir yana getmək, çəkilib getmək, dağılışmaq (bir yerə yığılmış çoxlu adamlar, quşlar və s. haqqında). Veylabad şəhəri elə bil dəyişmişdi.
Hərə bir tərəfə qaçıb dağılmaqda idi. Çəmənzəminli.
…Xəlfə cibinə tökdüyü noğul-badamdan soldatların və Əlirzanın ovcuna basırdı.
Bundan sonra hərə öz evinə dağılırdı… H.Sarabski.
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Mir Cəlal.

10. Yayılmaq, intişar etmək.
Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır. C.Məmmədquluzadə.

11. Səpələnmək.
Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. S.Vurğun.

12. Qurtarmaq, sona çatmaq, tamam olmaq, öz işini qurtarmaq (məclis, iclas və s. haqqında). [Şah] əfradi-məclisi mürəxxəs etdi.
Məclis dağıldı. M.F.Axundzadə.
Bir az əvvəl bulaq başındakı arvad yığıncağı dağılmışdı. Ə.Vəliyev.

13. Əmr şəklində: dağılsın! – xaraba qalsın! məhv olsun! alt-üst olsun! (qarğış).
Dağlarda talam qaldı; Biçmədim, lalam qaldı; Dağılsın qürbət ölkə; Orda bir balam qaldı. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAĞILMAQ sökülmək — uçulmaq — tökülmək
  • DAĞILMAQ kasıblaşmaq — yoxsullaşmaq
  • DAĞILMAQ yayılmaq — səpələnmək
  • DAĞILMAQ qurtarmaq — yekunlaşdırmaq
  • DAĞILMAQ cırılmaq — sökülmək — yırtılmaq
  • DAĞILMAQ pozulmaq
  • DAĞILMAQ 1. DAĞILMAQ [İrakli:] Mənim də şəhərim dağılıb, adamlarım qırılıb (Çəmənzəminli); TARAC OLMAQ Cahangir bəy: Mal-dövlətim tarac oldu getdi, özüm də düş

Antonimlər (əks mənalı sözlər)

  • DAĞILMAQ DAĞILMAQ – QURULMAQ Pozuldu çayların bəndi, bərəsi; Dağıldı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sah

Etimologiya

  • DAĞILMAQ Dağıntı (müq. et: yığ-ıntı...) sözü sübut edir ki, dağ kəlməsi haçansa müstəqil feil olub. Bu, dağ-ıt-maq sözündə də özünü büruzə verir
DAĞILMA
DAĞILMIŞ

Digər lüğətlərdə