Ədalət Firqəsi
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır.
Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar.
Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.
Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.
1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.