Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir.
== Botaniki təsviri ==
Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.