Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru.
== Həyatı ==
İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır.
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur.
Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir.
== Fəaliyyəti ==
Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.