is. 1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək.
– [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli.
Nazlı əynindəki tünd şabalıd rəngli … köynəyini çıxartdı… S.Rəhman.
// məc. Libas, paltar mənasında (adətən rəng adları ilə).
Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun.
Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim.
2. Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol.
…Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. “Koroğlu”.
Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı… Aşıq Ələsgər.
[Pərşan:] İki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov.
3. tex. Örtük, sipər.
…Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov.
4. Baramanın iç qatı.
// Buğdanın üstündə olan nazik qabıq.
5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə.
◊ Köynək-köynək (bir köynək) ət tökmək – bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək.
Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal.
[Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmüşəm. B.Bayramov.
Köynəyinin yaxasından keçirmək etnoqr. – övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət.
Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov.