is. [
ər. ]
1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır.
– Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət.
Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.
Göy üzü damardamar; Göydən yerə nur damar. (Bayatı).
□ Nur almaq – bax
nurlanmaq.
Nur saçmaq (səpmək, tökmək) – işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq.
Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar … parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq.
Göyün altun saçlı qızı nur saçar; İnsanların tutqun könlünü açar. H.Cavid.
Nura boyamaq (qərq etmək) – işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək.
Nura boyanmaq (qərq olmaq) – hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq.
Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun.
Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Vəliyev.
2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir.
Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.
Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Məmmədquluzadə.