QIRMAQ₁

f.
1. Bərk bir şeylə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, sındırmaq. Güzgünü qırmaq. Qabları qırmaq.
– Qız … [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə, səhəngini salıb qırmışdı. S.Hüseyn.
Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal.
Xan havalı kimi bu otaqdan o otağa qaçır, nərə çəkib yerindən qopur, rast gələn hər şeyi qırırdı. M.Rzaquluzadə.

// Doğramaq, bütöv bir parçanı xırda-xırda etmək. Qəndi qırmaq. Daşı qırmaq.
2. Balta və s. ilə kəsmək, doğramaq. Meşəni qırmaq.
– Getdi meşə içrə odun qırmağa; Şax-budağı başladı sındırmağa. A.Səhhət.
Abbas … meşədən odun qırıb satmaqla ana və bacısını saxlayır. S.S.Axundov.

3. Kütləvi surətdə tələf etmək, məhv etmək, öldürmək. [Nəbi:] Uşaqlar, fürsəti əldən buraxmışıq.
Bizi tamam qıracaqlar! Qaçaq Nəbi”.
…Bir şey yoxdur, amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır. C.Məmmədquluzadə.
Onlar güman edirdilər ki, qarşılarına heç bir kimsə çıxmayacaq, … bir neçə sarsaq çoban tərslik etmiş olsa, həmin saat onları qırıb minlərlə qoyunu asanlıqla sürüb aparacaqlar. M.Rzaquluzadə.

// Eyni mənada bəzən “qırıb tökmək”, “qırıb çatmaq” və s. şəklində.
Bir neçə qadın sahəni gəzərək maşının götürə bilmədiyi alaq otlarını kətmənlə qırıb tökürdü. M.İbrahimov.
İki tərəfdə əsirlərin ələ düşənini qırıb tərk etmişdilər. Çəmənzəminli.

4. Kəsmək, üzmək, qət etmək. Əlaqəni qırmaq. Rabitəni qırmaq. Məftili qırmaq.
// Yarımçıq qoymaq, kəsmək.
Kərimqulu sözünü qırıb, ara qapıdan nəvəsinin iniltisinə qulaq verdi. S.Rəhimov.

5. məc. Sarsıtmaq, zəiflətmək, azaltmaq, yox etmək. Günəş havanın şaxtasını qırdı. İnadını qırmaq. Nüfuzunu qırmaq. Müqavimətini qırmaq.
– Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə … [Gəldiyevin] kirdarını alır, iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Mir Cəlal.
Nə boran, nə qar, nə də şaxta onların möhkəm iradəsini qıra bilməz. Z.Xəlil.

6. məc. Bağlayan, məhkum edən bir şeydən xilas olmaq, azad olmaq.
[Tapdıq:] Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən. C.Cabbarlı.
[İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIRMAQ kəsmək — doğramaq
  • QIRMAQ öldürmək
  • QIRMAQ sarsıtmaq — zəiflətmək
  • QIRMAQ qırmaq bax 1. sındırmaq; 2. öldürmək

Antonimlər (əks mənalı sözlər)

  • QIRMAQ QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal); Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi (S

Etimologiya

  • QIRMAQ Qədim mənası “kəsmək” deməkdir, qırxmaq feili də bununla bağlıdır. Mənbələrdə qır sözünün bir mənası rusca “сбрить” kimi açıqlanıb
QIRMACLI
QIRMAQ

Digər lüğətlərdə