QIZIŞDIRMAQ

f.
1. Odun alovunu daha da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar.
2. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım.
– Qızışdırar bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Səhhət.

3. məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq.
□ Müharibə qızışdıran – işğalçılıq müharibəsi təbliğ edən, işğalçı.
Müharibə qızışdıranlar nə qədər fitnəkar olsalar da, onlar nə qədər qızğın təbliğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun.

// məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq.
– Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı.

4. məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq.
Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca üzünü görməzdim; işi nə idi? Boşboğazlıq. A.Şaiq.
Usta nə qədər çalışdısa, arxitektoru qızışdıra bilmədi. M.İbrahimov.

5. məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq.
[Vaqif:] Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb avara qoyurlar. Çəmənzəminli.

6. məc. Döymək, əzişdirmək.
[Mərdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZIŞDIRMAQ 1. QIZIŞDIRMAQ, ALOVLANDIRMAQ (közü üfürməklə) 2. qızışdırmaq bax qızdırmaq 1 3. qızışdırmaq bax hiddətləndirmək
QIZIŞDIRMA
QIZIŞQAN

Digər lüğətlərdə