Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir.
== Həyatı ==
Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.