RUZİGAR

is. [ fars. ]
1. Külək, yel.
…Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi.
Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq.
Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın təsiri ilə sakit bir dəniz kimi ləpələnir. S.Hüseyn.

// məc. Təşbehlərdə: iti, sürətli mənasında.
Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! Ə.Cəmil.

2. Hava mənasında. Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı.
– Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.

3. məc. Dövran, zəmanə; tale, fələk.
Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani.
[Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov.

4. məc. Ömür, yaşayış, həyat, gün.
Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. M.P.Vaqif.

5. Güzəran, vəziyyət, gün, hal.
Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir.
[Tafta:] Qabaqlar [Sevili] gördüm, göz gərək ruzigarına ağlasın. C.Cabbarlı.
Ana mehriban gözlərini Cəmilə dikib balasının ağır ruzigarına acıyırdı. S.Rəhimov.

□ Ruzigarını keçirmək – gün(ünü) keçirmək, birtəhər yaşamaq, həyat sürmək.
Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd pud duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür ruzigarını keçirir. C.Məmmədquluzadə.

◊ Ruzigarı bəd əsmək – bəxti gətirməmək, bəxti küsmək, taleyi üz döndərmək.
Biçarə Məhəmmədin ruzigarı bəd əsdi; Üzünə saldı, gəldi bu altıncı qız – “Bəsti”. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RUZİGAR zaman — vaxt
  • RUZİGAR həyat — yaşayış — ömür
RUZİ
RUZİSİZ
OBASTAN VİKİ
Ruzigar Qasımov

Digər lüğətlərdə