SAPLAMAQ

f.
1. İynənin gözünə sap keçirmək. İynəni saplamaq.
– Həsən … sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Çəmənzəminli.
[Maritsa] iynəni çətinliklə saplayır, asta-asta tikirdi. S.Vəliyev.

2. Əl yeri qayırmaq, sap taxmaq. Baltanı saplamaq. Çəkici saplamaq.
[Əsgər] …xəlvət səngərə çəkilib çiynində kürk, əlində dəri əlcək bel saplayır, külüng itiləyir, kərki düzəldirdi. Mir Cəlal.

3. Ucu şiş, iti aləti sapına (dəstəsinə) qədər soxmaq, keçirmək.
[Yusif] qoynunda saxladığı ufaq xəncəri xaqanın köksünə saplar. H.Cavid.
Üzərini qapladım; Ürəyinə sapladım; O dilbilməz bıçağı. S.Rüstəm.

SAPLAMA
SAPLANMA

Digər lüğətlərdə