Səyyarə Mollazadə
Mollazadə Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor
== Həyatı ==
BDU-nu bitirib, 1965-ci ildən ATU-da işləyir, 39 il Azərbaycan dili kafedrasının müdiri olub.
150 məqalənin, 8 kitabın müəllifidir, 12 elmlər namizədi yetişdirib, 50-dən çox dissertantın rəsmi opponenti olub. Səyyarə Mollazadə 42 ildir ki, böyük bir kollektivin üzvüdür; tibb kadrları hazırlayan, sağlamlığın təmin olunması üçün müstəsna elmi-metodiki, ictimai-təşkilati iş aparan Azərbaycan Tibb Universitetində çalışır. 1965-ci ildə baş müəllim kimi fəaliyyətə başladığı Azərbaycan və rus dilləri kafedrasına 1969-cu ildə müdir seçilib. Az qala 40 ildir ki, bu vəzifəni şərəflə yerinə yetirir. İşlədiyi uzun illər ərzində onun haqqında yalnız tərif eşidilib. Alimin işlədiyi dövrdə 4-5 rektor, neçə dekan və digər rəhbər vəzifə sahibləri dəyişmiş, lakin Səyyarə xanıma münasibət əvvəlki kimi qalmışdır.
S.Mollazadə bu qocaman ali təhsil ocağında baş müəllimlikdən kafedra müdirliyinə, ali təhsilli mütəxəssisdən elmlər doktoru, professora qədər yol keçmiş, universitetin Böyük Elmi Şurasının, həmçinin fakültə elmi şurasının üzvü kimi nüfuz sahibinə, ağbirçək təhsil-tərbiyə təşkilatçısına qədər yüksəlmişdir. Maraq doğuran cəhət odur ki, Səyyarə Mollazadə təkcə özünün elmi yüksəlişini düşünməmiş, rəhbərlik etdiyi kollektivin üzvlərinin də elmi uğurlar qazanmasına, inkişafına ciddi yanaşmışdır. Onun rəhbərliyi ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.