Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi.
== Baş vermiş hadisələr ==
Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu.
İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub.
XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər.
Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.