Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri — Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri nəzərdə tutulur. Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.
Nizami Gəncəvi şöhrəti və farsdilli ədəbiyyata töhfəsinə görə, türk və fars mədəni "tellər"inin daxili əlaqəsinin və Azərbaycanın türk-fars mədəniyyətində yerinin nümunəsi sayılır.
== Nizami Gəncəvi dühası ==
Nizami Gəncəvidən sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmiş, onun yaradıcılığından bəhrələnmiş və dərs almışlar. Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər.
Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: "Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?". Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır.
Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz "Xəmsə" poemalarında açıb göstərməyə nail olmuşdur.