Həmid Vəliyev
Həmid Vəliyev (15 iyul 1939, Sadaxlı, Marneuli rayonu) — professor.
== Həyatı ==
Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə "Sovet Gürcüstanı" qəzetində korrektor, baş korrektor (1960–1968), şöbə müdiri (1968–1972), redaktor müavini (1973–1991) vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991–1995), "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), "Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür.
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984), "Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B.,2012;B.,2014) dərsliyinin, "Mark Tven jurnalist kimi" (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə, Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993-cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu.
1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.