Məlik bəy Avcı (?-?)—XVII əsr Azərbaycan şairi[1].
Məlik bəy Avcının dövrü, şəxsiyyəti, yaradıcılığı haqqında məlumat toplamaq məqsədilə külli miqdarda mənbələrə müraciət edən Əhməd Cəfəroğlu nəhayət Darülüssəltənə katibi Mövlanə İbrahim Qəzvininin Berlin kitabxanasında saxlanılan «Sühufi – İbrahim» təzkirəsində şairlə bağlı ikicə sətirdən öyrənir ki, o, Süleyman Səfəvinin dövründə yaşamış, onun sarayında katiblik etmiş və türkcə şeirlər yazmışdır. Ə.Cəfəroğlu «Gəncinə» adlandırdığı təzkirədə Şah Süleyman Səfəvinin taxta çıxması münasibətilə Məlik bəyin qəzəlinə rast gəlir və bu fakta əsasən onun XVII əsrin ortalarında yaşadığını müəyyənləşdirir. Şairin təvəllüd və vəfat tarixlərini isə müəyyənləşdirmək mümkün olmur.
Mənbələr üzərində işləyərkən Məlik bəy adlı ikinci şairin də mövcud olduğunu öyrənən alim yazır ki, «Sühufi-İbrahim» təzkirəsi üzərinə Məlik bəy Avcını bəzi qənaətlərdə XVII əsr İran Azərbaycanı şairi olaraq qəbul etməklə bərabər, 1020 hicridən türkcə və farsca yazan digər ikinci bir Məlik bəydən bəhs edilməsi, şübhəsiz, şairin dövrünün təyinini müşkülata çevirməkdədir.
Məxəzlərimizin ikisi də, maatəəssüf «Avcı» təxəllüsünü tamamilə məskut keçmişlərdir. Bundan dolayı da, bu iki Məlik bəyin hansının Avcı olduğu məlum deyildir» [2] Bu qaranlıq məsələyə aydınlıq gətirəcək təfsilatlı məlumatlar əldə edilincəyə qədər Ə.Cəfəroğlu hələlik Məlik bəy adlı iki: birisi XVI, digəri isə XVII əsr azəri şairinin mövcud olduğu fikrində qərarlaşır.
Ə.Cəfəroğlunun nəşr etdirdiyi «Divani-Məlik bəy Avcı» 377 beytdən ibarətdir. Əslində burada «divan» sözü şərti xarakter daşıyır. Alimin özünün də qeyd etdiyi kimi,İran təzkirəçiləri bəzən klassiklərin şerlərini janrlar üzrə təsnif edərək hər bir janrın nümunələrindən ibarət külliyyatı divan adlandırmışlar (məsələn, divaniqəzəliyyat, divani-məsnəviyyat, divani-qəsoid və s.).
Məlik bəy Avcı divanı da belə toplulardandır. Burada toplanmış qəzəllər əsasən sevgi motivlidir; bəzi qəzəllərində müəllif şiə müqəddəslərini vəsf etmişdir[3].
Məlik bəy Avcının əldə olan poetik irsini hərtərəfli araşdıran Ə.Cəfəroğluda belə bir qənaət hasil olur ki, o, incə zövqlü, klassik Şərq poetikasına ustalıqla yiyələnmiş, Azərbaycan türkcəsini mükəmməl bilən şair olmuşdur. Alimin fikrincə, Məlik bəy bəlkə dövrünün yeganə şairidir ki, Səfəvilər dövlətində farsçılığın qüvvətləndiyi bir zamanda yaşamasına baxmayaraq, əsərlərində fars dili təsirinə yol verməmiş, daha irəli gedərək klassik Azərbaycan ədəbiyyatına xalq dilinin incəliklərini gətirməyə çalışmışdır.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq elmimizə uzun müddət naməlum qalan Məlik bəy Avcının poetik irsini aşkara çıxarıb nəşr etdirməsi, onun dövrü, mühiti, şəxsiyyəti, yaradıcılığı haqqında ilk dəfə olaraq fikir söyləməsi sözün əsl mənasında elmi hünər idi. Təəssüf ki, mühacir alimin həmin araşdırmasının nəşrindən 65 illik uzun bir zaman ötsə də, Məlik bəy Avcının adı indiyə qədər yazılmış ədəbiyyat tarixlərində, dərslik və monoqrafiyalarda yerini tutmamışdır. Sözsüz ki, Azərbaycan ədəbiyyatı tarixi yenidən yazılarkən mühacirət elmi irsinin digər nümunələri ilə yanaşı, Ə.Cəfəroğlunun həmin araşdırmasından da faydalanmaq zəruridir.
İskəndər bəy Münşi Türkmanın «Tarix-i aləm arayi Abbasi» əsərində Ərəbgirli əsilzadələrinin fasilələrlə bu vəzifədə olmaları ilə yanaşı, Həmədan əsilzadələrindən Məlik bəyin də qorçu vəziri olması haqqında məlumat vardır. Türk və fars dillərində şeirlər yazan Məlik bəy Həmədanın Əsədabad kəndində anadan olmuş, gənc yaşlarında Xorasanda Abbas mirzənin sarayında qulluq etmiş və Abbas mirzə Şah olduqda onu da qorçu mustoufisi təyin etmişdir. Bir qədər sonra Məlik bəy qorçu vəziri olmuşdu. O, 1611-ci ildə vəfat etmişdir. [4]
XVII əsrin Azərbaycan şairi Məlik bəy Avcı qəzəllərindən birində sadə bir şair olduğunu, dövründə ən çox sayğı göstərilən sənətkarlardan olmadığını təvazökar bir şəkildə belə bildirir:
Nə Nəvai, nə Füzuli, nə Məlik, nə Adəməm,
Bəndə şahəm Məlik adlu, nə kənitü nə ləqəb.
Məlik bəy Avcının bu beyti XVII əsrdə türkdilli Azərbaycan şeirinin inkişaf istiqamətini, bu dövrdə ədəbi zövqləri çox aydın ifadə edir.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |