Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb[1]. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.
Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
ing. Eurovision Song Contest | |
Janr | mahnı müsabiqəsi |
Müəllif | Marsel Bezenson |
İstehsalçı | Avropa Yayım İttifaqı |
Dil | İngiliscə, Fransızca |
Buraxılış sayı | 66 müsabiqə |
İlk buraxılış | 1956 |
İstehsal | |
Müddəti |
2 saat (yarımfinallar) 3 saat 45 dəqiqə (final) 4 saat (2015 və 2016-cı ilin finalı) 4 saat 15 dəqiqə (2019-cu ilin finalı) |
Veriliş | |
Təsvirin formatı |
4:3 576i (SDTV) (1956–2004) 16:9 576i (SDTV) (2005) 1080i (HDTV) (2006–2013) 4k (UHDTV) (2013–indiyə kimi) |
Translyasiya dövrü | 24 may 1956 |
Xronologiyası | |
Oxşar verilişlər | Avroviziya Uşaq Mahnı Müsabiqəsi |
eurovision.tv | |
Vikianbarda əlaqəli mediafayllar |
Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir[2]. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s. Avroviziya tarixində Avropadan kənar ölkələrdən ilk dəfə 2015-ci ildə Avroviziyanın 60 illiyi münasibətilə müsabiqəni uzun illər yayımlayan və böyük izləyici kütləsinə malik olan Avstraliyaya müsabiqədə qonaq olaraq iştirak etmək hüququ verilmişdir. Avstraliyanın Avroviziyada iştirakı sadəcə bir il nəzərdə tutulsa da, qazandığı uğurlu nəticələr səbəb göstərilərək növbəti ilərdə də müsabiqədə iştirakına AYİ tərəfindən icazə verilmişdir[3]. Avroviziya 2000-ci ildən başlayaraq internetdə də yayımlanmağa başlamışdır[4].
Adətən Avroviziyada qalibiyyət qazanan müğənnilər sadəcə müsabiqə çərçivəsində şöhrət qazana bilir. İndiyədək müsabiqədə qələbə qazanan yalnız ABBA qrupu (İsveç 1974) və Selin Dion (İsveçrə 1988) müsabiqədən sonra öz musiqi karyeralarını dünya arenasına çıxara biliblər.
İrlandiya və İsveç müsabiqədə ən çox qalibiyyət əldə edən ölkədir. Belə ki, İrlandiya müsabiqədə beş ildə dörd dəfə (1992, 1993, 1994 və 1996), ümumilikdə isə yeddi dəfə qələbə qazanıb. Müsabiqənin müasir səsvermə metodu ilə 2017-ci ildə Portuqaliya təmsilçisi və eyni zamanda müsabiqənin qalibi Salvador Sobral ən çox səs (758 xal) toplamışdır. 2016-cı ildən öncəki səsvermə metodu ilə isə 2009-cu ildə Norveçi təmsil edən Aleksandr Rıbak ən çox səs (387 xal) toplayaraq müsabiqənin qalibi olmuşdur.
XX əsrin 50-ci illərinin ortalarında Avropa Yayım İttifaqının (AYİ) üzvləri İkinci dünya müharibəsinin ardınca özünü toparlamağa çalışan Avropa ölkələrini yenidən bir araya gətirmək üçün baxımlı əyləncəli proqram yaratmaq fikrinə düşdülər. 1955-ci ilin yanvarında Monakoda keçirilən konfransda İsveçrə televiziyasının direktoru Marsel Bezanson Avropanın ən yaxşı mahnısını təyin edən beynəlxalq müsabiqənin keçirilməsini təklif etdi.[5] Marsel ideyanın 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalından əsaslandığını bildirmişdir. Onun təklifi AYİ-nın 1955-ci il 19 oktyabr tarixində Romadakı Assambleyasında bəyənilmişdir. İlkin olaraq "Qran-pri Avroviziya" (ing. Eurovision Grand Prix) adlanan müsabiqə, ilk dəfə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmişdir.
İlk müsabiqə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində yeddi ölkənin iştirakı ilə keçirilmişdir. Müsabiqədə iştirak edən hər bir ölkə iki mahnı ilə çıxış etmişdir. Bu hər ölkənin birdən artıq mahnı ilə iştirak etdiyi ilk və son müsabiqə olmuşdur.[6] Müsabiqədə ev sahibi ölkə İsveçrənin təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə qalib gəlmişdir.
Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir. Lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqədə ifa edilən mahnılar orijinal olmalı və təyin edilmiş zamandan öncə heç bir yerdə səslənilməməlidir. Ölkə tərəfindən təqdim edilən mahnı müsabiqədə canlı olaraq ifa edilməlidir. Müsabiqədə iştirak etmək üçün ölkənin dövlət kanallarından biri Avropa Yayım İttifaqına üzv olmalıdır. Müsabiqə iştirakçı ölkələrdən birində keçirilməlidir. Müsabiqə zamanı bütün mahnılar ifa edildikdən sonra ölkələr bəyənilən mahnılara öz səslərini təqdim etməlidir. Ölkələr öz təmsilçilərinə səs verə bilməzlər. Bütün səslər ölkə üzrə hesablanır (yəni İrlandiyada yığılan səslər ayrı, İsveçdə ayrı, Fransada ayrı hesablanır). Müsabiqənin sonunda ən çox səs qazanan ölkə, mahnı həmin müsabiqənin qalibi elan edilir. Qalib təmsilçi Avroviziya kubokunu əldə edir və qalib ölkə gələn müsabiqəyə ev sahibliyi etmək hüququ qazanır.
Avroviziya Mahnı Müsabiqəsinin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası — Mark Antuan Şerpantyenin "Te Deum" (Səni, Tanrını mədh edirik) mahnısına müqəddimədir.[5]
Müsabiqənin finalı Qərbi Avropa yay vaxtı ilə may ayında, saat 21:00-da keçirilir. Adətən ildə bir dəfə şənbə günündə keçirilən müsabiqədə 2004-cü ildən başlayaraq iştirakçı ölkələrin sayının artması səbəbi ilə cümə axşamı keçirilən yarımfinal mərhələsi tətbiq olundu. 2007-ci ilin 28 sentyabr tarixində qəbul edilən qərara əsasən 2008-ci ildən başlayaraq müsabiqədə iki yarımfinal olacağı və finala yalnız ev sahibi və Böyük Dördlüyə daxil olan ölkələr (Böyük Britaniya, Almaniya, Fransa, İspaniya) birbaşa keçəcəyi təsdiqini tapmışdır[7]. Daha sonra İtaliyanın da müsabiqəyə qayıtması ilə "Böyük Dördlük" "Böyük Beşlik"lə əvəz olunmuşdur. Avroviziya adətən may ayında keçirilsə də, öncəki illərdə mart və aprel aylarında da müsabiqə keçirilirdi.
Avropa Yayım İttifaqının fəal üzvü olan hər bir ölkə (hətta Avropadan kənar olsa da belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Bu ölkələr Avropa yayım ərazisinə daxil olan ölkələr və ya Avropa Şurasına üzv ölkələrdir. Müsabiqənin Avropadan kənar iştirakçılarına misal olaraq Qərbi Asiyada yerləşən, 1973-cü ildən bəri iştirak edən İsraili və 1981-ci ildən bəri iştirak edən Kipri, Şimali Afrikada yerləşən və yalnız bir dəfə 1980-ci ildə iştirak edən Mərakeşi və eyni zamanda 2015-ci ildən bəri müsabiqədə iştirak edən Avstraliyanı misal göstərmək olar.
Müsabiqədə iştirak etmək istəyən AYİ-nin fəal üzvləri müsabiqənin qaydaları ilə razılaşmalı və eyni zamanda Avropa Yayım İttifaqına müvafiq məbləğdə ödəniş etməlidir. İndiyədək müsabiqədə 52 ölkə iştirak etmişdir. Aşağıda göstərilən siyahıda ölkələr müsabiqədə ilk iştiraklarına görə sıralanmışdır.
Avroviziyanın əsas maliyyə dəstəkçiləri müxtəlif reklam şirkətləri və müsabiqədə iştirak edən ölkələrdir. Müsabiqəyə ev sahibliyi etmək şansı ölkələrin müsbət cəhətdən Avropa və dünyaya tanıdılması, təbliğatı və eyni zamanda ölkələrə turistlərin cəlb edilməsi üçün böyük fürsət hesab edilir. İlk iki müsabiqəyə İsveçrə və Almaniya ev sahibliyi etdikdən sonra müsabiqəyə ev sahibliyi hüququnun ötən müsabiqədə qələbə qazanan ölkəyə həvalə edilməsi qərara alındı. Bu qərarın ardınca 1957 Avroviziya Mahnı Müsabiqəsində Niderland qalibiyyət əldə etdi və ölkə 1958-ci ildə müsabiqəyə ev sahibliyi etməyə razılıq verdi. Avroviziya tarixində hər il ötən müsabiqənin qalibi ev sahibliyi etsə də, yalnız beş dəfə bu fürsətdən imtina edilmişdir.
Avroviziyada iştirak edən ölkələrdən yalnız Avstraliyaya qalib gələcəyi halda belə müsabiqəyə ev sahibliyi etmək hüququ verilmir. Buna səbəb isə Avstraliyanın Avropadan uzaqda yerləşməsidir. Qitənin müsabiqəyə ev sahibliyi etməsi müsabiqənin xərclərinin artmasına səbəb ola biləcəyi və bir çox ölkələrin maliyyə çətinliklərindən dolayı iştirak edə bilməyəcəyi düşünülür. Buna görə də, Avstraliyanın Avroviziyada qalib gəldiyi halda Avstraliyaya gələn il müsabiqəyə hansı Avropa ölkəsinin ev sahibliyi edəcəyi seçimi həvalə edilir.[8].
Ənənəvi Avroviziya loqosu 2004-cü ildə İstanbulda keçirilən müsabiqədə təqdim edilmişdir. Loqoda V hərfi ürək formasında dizayn edilərək, ev sahibi ölkənin bayrağı həmin ürəyin içində görünürdü. Ənənəvi loqo son dəfə 2014-cü ildə istifadə edilmiş və artıq 2015-ci ildə Vyanada keçirilən müsabiqədə Avroviziyanın 60 illiyi münasibətilə Kornelis Yakobs tərəfindən hazırlanan müasir loqo izləyicilərə təqdim edilmişdir.
Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsindən bəri hər il müsabiqənin özünəməxsus şüarları olur. Yalnız 2009-cu ildə Moskvada keçirilən müsabiqədə heç bir şüar təqdim edilməmişdi.
İl | Ev sahibi ölkə | Ev sahibi şəhər | Şüar | Tərcümə |
---|---|---|---|---|
2002 | Estoniya | Tallin | A Modern Fairytale | Müasir pəri nağılı |
2003 | Latviya | Riqa | Magical Rendezvous | Sehirli görüş |
2004 | Türkiyə | İstanbul | Under The Same Sky | Eyni səma altında |
2005 | Ukrayna | Kiyev | Awakening | Oyanış |
2006 | Yunanıstan | Afina | Feel The Rhythm! | Ritmi hiss et! |
2007 | Finlandiya | Helsinki | True Fantasy | Əsl xəyal |
2008 | Serbiya | Belqrad | Confluence of Sound | Səslərin birləşməsi |
2010 | Norveç | Oslo | Share The Moment! | Anı paylaş! |
2011 | Almaniya | Düsseldorf | Feel Your Heart Beat! | Qəlbinin döyüntüsünü hiss et! |
2012 | Azərbaycan | Bakı | Light Your Fire! | Öz məşəlini alovlandır! |
2013 | İsveç | Malmö | We Are One | Biz birik |
2014 | Danimarka | Kopenhagen | #JoinUs | Bizə qoşul |
2015 | Avstriya | Vyana | Building Bridges | Körpülər salaraq |
2016 | İsveç | Stokholm | Come Together | Bir araya gələk |
2017 | Ukrayna | Kiyev | Celebrate Diversity | Fərqliliyi qeyd et |
2018 | Portuqaliya | Lissabon | All Aboard! | Hamı göyərtəyə! |
2019 | İsrail | Təl-Əviv | Dare to Dream | Xəyal etməyə cəsarət et |
2021 | Niderland | Rotterdam | Open up | Açılış |
2022 | İtaliya | Turin | Sound of beauty | Gözəlliyin səsi |
2023 | Böyük Britaniya / Ukrayna | Liverpul | United By Music | Musiqi ilə birləşmiş |
2024 | İsveç | Malmö | United By Music | Musiqi ilə birləşmiş |
Avroviziya həftəsi (ing. Eurovision Week) müsabiqənin keçirildiyi həftədir və həftə ərzində müsabiqədə iştirak edəcək olan ölkələrdən nümayəndə heyətləri ev sahibi ölkəyə gəlirlər. Müsabiqə üçün hazırlıqlarını tamamlayan ifaçılar son olaraq Avroviziya həftəsində müsabiqə üçün nəzərdə tutulmuş səhnədə öncədən təyin edilmiş cədvəllərə əsasən məşqlər həyata keçirirlər. Məşqlər zamanı hər bir performansın canlı yayımda lazımi şəkildə izləyiciyə çatdırılması üçün səs, kamera, işıqlar və ümumilikdə şouda yer alacaq ən kiçik nüans belə öncədən məşqlərdən keçirilir. Hər bir ölkəyə yarımfinaldan öncə üç dəfə (hər biri yarım saat olmaqla) Avroviziya səhnəsində məşq etmə fürsəti verilir. Eyni zamanda finala keçən ölkələr üçün finaldan öncə iki dəfə məşq etmək üçün şərait yaradılır. Yarımfinaldan öncə keçirilən üçüncü məşq və finaldan öncə keçirilən ikinci məşqlər eyni zamanda Münsif finalı adlanır. Bu məşqləri bütün ölkələrdən olan münsiflər heyəti izləyir və münsiflər öz səslərini məhz bu məşqlərə əsasən müsabiqədən öncə verirlər[9].
Hər bir ölkənin nümayəndə heyəti məşqlərini bitirdikdən sonra mətbuat konfransında iştirak edir və müxtəlif ölkələrdən gələn jurnalistlərin fikirləri dinlənilir və eyni zamanda suallara cavab verilir.
Avroviziya həftəsində hər axşam məşqlərdən sonra nümayəndə heyətləri, jurnalistlər və akkreditə olunmuş müsabiqə fanatları üçün təyin edilmiş gecə klublarında şənliklər təşkil edilir[10].
Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir. Lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqənin əsas qaydaları aşağıda göstərilmişdir.
Qaydalara əsasən hər bir mahnıda vokal olması mütləqdir və hər bir mahnının vokalı canlı olaraq ifa edilməlidir. Musiqidə arxa planda heç bir vokalın yer almasına icazə yoxdur. Belə ki, ilk dəfə bu qayda 1999-cu ildə Xorvatiya təmsilçisi Doris Draqoviç tərəfindən pozulmuşdur. Müğənninin ifa etdiyi mahnının arxa planında insan səsinə bənzər səslər yer almışdı. Xorvatiyanın nümayəndə heyəti həmin səslərin insan səsləri olmadığını iddia etmələrinə baxmayaraq, Avropa Yayım İttifaqı finalda Xorvatiyanın qazandığı səslərin 33%-ni ləğv etmişdir.
1956-cı ildən 1998-ci ilə kimi ev sahibi ölkə müsabiqəni canlı orkestr ilə təmin etməli idi. 1973-cü ildən öncə hər bir ölkənin təqdim etdiyi mahnı canlı orkestr ilə ifa edilməli idi. Daha sonra bu qayda ləğv edilsə də, 1999-cu ilə kimi hər bir ev sahibi ölkə yenə də müsabiqəni canlı orkestr ilə təmin etmişdir. Eyni zamanda 1997-ci ilə kimi mahnılarda istifadə olunan musiqi alətlərinin səhnədə yer alması önəmli qaydalardan biri hesab edilirdi. Lakin 1997-ci ildə bu qayda qüvvədən düşdü.
Müsabiqənin keçmiş qaydalarına əsasən müsabiqədə iştirak edən ölkələrin təqdim etdikləri mahnılar öz dillərində ifa edilməli idi. Lakin müəyyən illərdə bu qayda qüvvədən düşmüş, daha sonra yenidən bərpa olunmuşdur. 1956-cı ildən 1966-cı ilə kimi Avroviziya qaydalarında dillərlə bağlı bir bölmə olmamasına baxmayaraq, iştirak edən bütün ölkələr öz rəsmi dillərində mahnılarını təqdim edirdilər. Bu ənənə ilk dəfə 1965-ci ildə İsveç təmsilçisi İnqvar Vikselin ingilis dilində ifa etdiyi mahnı ilə pozulmuşdur. Bunun ardınca isə 1966-cı ildə müsabiqədə hər bir ölkənin səsləndirdiyi mahnının yalnız öz dilində olması ilə bağlı qərar qəbul edildi. Bu qayda 1973-cü ilə kimi qüvvədə qaldı və həmin ildə ölkələrə istənilən dildə mahnı ilə çıxış etmək azadlığı verildi. 70-ci illərin ortalarında bir neçə ölkə bu fürsətdən istifadə edib, ingilis dilində mahnılarla Avroviziyada təmsil olundu və hətta İsveçin 1974 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçiləri ABBA qrupu ingilis dilində səsləndirdikləri mahnı ilə qələbə qazandılar.
1978-ci ildə Avropa Yayım İttifaqı dil barədə qaydanı yenidən bərpa etdi və müsabiqədə iştirak edən ölkələrdən yalnız öz dillərində mahnı göndərmək tələb olundu. 1999-cu ildə bu qayda ləğv edildi və nəticədə həmin müsabiqədə iştirak edən 23 ölkədən 12-si ingilis dilində mahnı ilə təmsil olundu. Avroviziyada Avropa dilləri ilə yanaşı Suahili dilində, Ərəb dilində və hətta Süni dildə də mahnılar səslənmişdir.
Müsabiqənin səsvermə metodu illər ərzində bir neçə dəfə dəyişikliyə uğramışdır. Hal-hazırkı səsvermə sistemi 2016-cı ildən bəri qüvvədədir. Qaydalara görə hər bir ölkədən olan peşəkar münsif heyətinin keçirdiyi səsvermədə ən çox səs toplayan ölkə və eyni zamanda iştirak edən ölkələrdə ayrı-ayrı keçirilən SMS səsverməsində ən çox səs toplayan on ölkə 12, 10, 8–1 xallar əldə edir[11].
Müsabiqə tarixində 1997-ci ilə kimi iştirak edən bütün ölkələrin səsləri yalnız həmin ölkələrdən olan peşəkar münsif heyətinin qərarı ilə açıqlanırdı. İlk dəfə telesəsvermə 1997-ci ildə Almaniya, Avstriya, Böyük Britaniya, İsveç və İsveçrədə həyata keçirilmişdir. Bunun ardınca isə 1998-ci ildən etibarən bütün ölkələr səsverməni xalqın seçiminə görə təqdim etməyə başladılar. Hər hansısa bir ölkədə SMS səsverməsində problem yarandığı halda ölkələr öncədən ehtiyat münsif səsverməsi də keçirirdilər. 2013-cü ildən etibarən insanlar eyni zamanda mobil proqram vasitəsilə də Avroviziya səsverməsində iştirak edə bilirlər[12].
İlk dəfə 2009-cu ilin final mərhələsində Avropa Yayım İttifaqı 50% SMS səsverməsi ilə 50% peşəkar münsif səsverməsi metodunu təcrübədən keçirmişdir. Belə ki, müsabiqədə iştirak edən hər bir ölkə münsif səslərini SMS səsləri ilə birlikdə toplayaraq ümumi nəticə çıxarır və ümumi nəticədə ən çox səs toplayan on ölkə 12, 10, 8–1 xallar əldə edirdi. Bunun ardınca növbəti illərdə eyni metod həm yarımfinallar, həm də final üçün qayda halını aldı.
2016-cı ildən etibarən isə 50% SMS səsverməsi ilə 50% peşəkar münsif səsverməsi qaydasında müəyyən dəyişikliklər edildi. Belə ki, yeni səsvermə metoduna əsasən ölkələrdə səsverən peşəkar münsif heyətinin səsverməsi ayrılıqda, SMS səsverməsi isə ayrılıqda hesablanır. Səsvermənin gedişatında ilk öncə səs verən ölkələr ev sahibi ölkə ilə bağlantı yaradır və ölkədə münsiflər arasında aparılan səsvermədə ən çox bəyənilən on ölkəyə olan xallar açıqlanır. Ölkələrin münsif səsverməsi sona çatdıqdan sonra isə müsabiqənin aparıcıları ölkələrdə keçirilən SMS səsverməsinin nəticələrini açıqlayırlar. Aparıcılar telesəsvermədə ən az səs toplayan ölkədən başlayaraq, ən çox səs toplamış ölkəyədək bütün xalları izləyicilərə çatdırırlar. Nəticə də həmin xallar ölkələrin daha öncə elan etdiyi münsif səsləri ilə toplanır və ən çox səs toplayan ölkə, mahnı müsabiqəsinin qalibi elan edilir.[13]. Oxşar səsvermə metodu İsveçdə keçirilən ənənəvi Melodifestivalen mahnı müsabiqəsində həyata keçirilir. Məhz bu ideyanı da Avropa Yayım İttifaqına Melodifestivalenin direktoru Krister Byörkman təklif etmişdir. Byörkmana görə bu səsvermə metodu müsabiqəyə əlavə həyəcan qatır və müsabiqənin qalibi şounun sonunadək sürpriz olaraq qalır. Öncəki səsvermə metodu ilə isə qalib səsvermənin gedişatında artıq bəlli olurdu.
Avroviziyada səslər açıqlanmazdan öncə bütün səslər Avropa Yayım İttifaqının Avroviziya üzrə nümayəndəsi, müsabiqənin direktoru tərəfindən yoxlanılır. Müəyyən hallarda müsabiqənin direktoru ölkənin münsif səsverməsini (bir ölkədən olan münsiflərin verdiyi səslərin ayrılıqda bir-birinə çox bənzər olması halında) və ya SMS səsverməsini (səslərin az olduğu halda) ləğv edir və həmin ölkənin səsləri xüsusi komitənin verdiyi səslərlə əvəz edilir. Aşağıdakı cədvəldə müsabiqə tarixində Avroviziyaya rəhbərlik edən şəxslər göstərilmişdir.
Ölkə | Ad | İl(lər) | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İsveçrə | Rolf Libermann | 1956–57 | |||||||||||||||
Yuqoslaviya | Miroslav Vilçek | 1964–65 | |||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Klifford Braun | 1966–77 |
İsveçrə | Frank Naef | 1978–92 | |||||||||||||||
Danimarka | Kristian Klausen | 1993–95 | |||||||||||||||
Fransa | Kristin Marşal-Ortiz | 1996, 1998–2002 | |||||||||||||||
Mari-Kler Vionne | 1997 | ||||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Sara Yuen | 2003 |
İsveç | Svante Stokselius | 2004–2010 | |||||||||||||||
Norveç | Yon Ola Sand | 2011–2020 | |||||||||||||||
İsveç | Martin Österdal | 2021– |
1969-cu ildə müsabiqədə iştirak edən 16 ölkədən dördü 18 xalla birinci yerdə qərarlaşmışdır. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyəti ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, birinci yerdə qərarlaşan dörd ölkənin (Fransa, İspaniya, Böyük Britaniya və Niderland) hər biri həmin müsabiqənin qalibi elan edilmişdirlər. Finlandiya, İsveç, Norveç və Portuqaliya nümayəndələri nəticəyə etirazlarını bildirərək növbəti müsabiqədə iştirakdan imtina etmişdirlər. Bunun ardınca Avropa Yayım İttifaqı xoşagəlməz hadisənin bir daha təkrarlanmaması üçün Avroviziyada bərabərlik qaydası yaratdı[14].
Bərabərlik qaydasına əsasən səsvermənin sonunda eyni xalla birincilikdə qərarlaşan ölkələrdən ən çox 12 xal qazananı müsabiqənin qalibi elan edilir. 12 xalların sayının bərabərliyi halında isə ən çox 10, 8, 7–1 xal qazanan ölkə müsabiqədə qələbə qazanmış olur.
Avroviziya 1969-da baş verən bənzər hadisə ikinci dəfə 1991-ci ildə baş verdi. Belə ki, səsvermənin sonunda Fransa və İsveç təmsilçiləri 146 xalla birincilikdə qərarlaşdılar. Hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Qeyd edək ki, bərabərlik qaydası 1969-cu ildə tətbiq olunsaydı, yalnız Fransa təmsilçisi həmin müsabiqənin qalibi olmalı idi.
Müsabiqədə iştirak edən hər bir ölkənin yayım hüququna malik olan telekanalı müsabiqəni canlı olaraq fasiləsiz yayımlamalıdır. Yalnız fasilə aktı zamanı telekanallara qısa reklam fasiləsinə ayrılmağa imkan yaradılır. Bu qayda ilk dəfə 2009-cu ildə İspaniya telekanalı tərəfindən pozulmuşdur. Belə ki, müsabiqənin yayımlandığı zaman İspaniyanın TVE kanalı ekranda ölkədə keçirilən 2009 Madrid Tennis Turnirinin gedişatı ilə bağlı məlumat verən alt yazılar yayımlamışdır. Nəticədə telekanal müsabiqənin təşkilat komitəsi tərəfindən cərimələnmiş və müvafiq məbləğdə pul cəzası Avropa Yayım İttifaqına ödənilmişdir.[15].
1978 Cənubi Livan münaqişəsindən bir ay sonra Parisdə keçirilən 1978 Avroviziya Mahnı Müsabiqəsini canlı yayımlayan İordaniya telekanalı İsrail təmsilçiləri səhnə aldığı zaman reklam fasiləsinə ayrılmışdır. Müsabiqənin sonunda səsvermənin gedişatı zamanı İsrail təmsilçisinin liderliyi ələ aldığı anda İordaniya telekanalı ümumiyyətlə müsabiqənin yayımını dayandırmışdır. Hadisənin ardınca İordaniya qəzetlərində müsabiqənin qalibi olaraq əslində ikinci yeri qazanan Belçika göstərilmişdir[17]. Növbəti illərdə isə İordaniyada Avroviziya bir daha yayımlanmamışdır.
2005-ci ildə Kiyevdə keçirilən müsabiqədə Livan telekanalı ilk dəfə iştirak etmək istəmişdir. Hətta müsabiqə üçün təmsilçi və mahnı seçilsə də, ölkənin Avroviziya 2005-də iştirakı baş tutmamışdır. Buna səbəb Livan telekanalının Avropa Yayım İttifaqı ilə İsrailin ifasının Livanda yayımlanmaması ilə bağlı razılığa gələ bilməməsi idi. İsrailin iştirakını yayımlamaqdan imtina edən Livan daha sonra müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Lakin müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Livan telekanalı Avropa Yayım İttifaqı tərəfindən cərimələnmişdir.
Gürcüstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməli olan Stefane və 3G qrupunun ifa etməli olduğu "We Don't Wanna Put In" mahnısında Rusiya prezidenti Vladimir Putini tənqid xarakterli sözlərdən istifadə edilmişdir. İngilis dilində səslənən mahnının adının digər tərcüməsi "Biz Putini İstəmirik" idi. Mahnı Rusiya mətbuatı tərəfindən narazılıqla qarşılanmışdır. Avropa Yayım İttifaqı Gürcüstan televiziyasından ya mahnını tamamən dəyişmək, ya da sözlərində düzəlişlər aparmağı tələb etmişdir. Lakin Gürcüstan nəticə olaraq Moskvada keçirilən müsabiqədə iştirakdan imtina etmək qərarına gəlmişdir[18].
2012-ci ildə Bakıda keçirilən müsabiqədə ilkin olaraq Ermənistanın iştirak edəcəyi öz təsdiqini tapsa da, müsabiqənin keçirilməsinə iki ay qalmış Ermənistan telekanalı ölkənin müsabiqədə iştirak etməyəciyini açıqlamışdır. Telekanal açıqlamasında buna səbəbin təhlükəsizliklə bağlı narahatlıq olduğunu bildirmişdir. Müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Ermənistan telekanalı Avropa Yayım İttifaqı tərəfindən müvafiq məbləğdə pul cəzası ilə cərimələnmişdir. Eyni zamanda telekanaldan Bakıda keçirilən müsabiqənin finalını fasiləsiz olaraq yayımlamaq tələb olunmuşdur.
Ukrayna 2016 Avroviziya Mahnı Müsabiqəsində Camalanın ifa etdiyi "1944" mahnısı ilə təmsil olunmuşdur. Rus şərhçilər mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada xoşagəlməz qonaq olacağı göstərilmişdir.
Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın Avroviziya 2017-də "Flame is Burning" (azərb. Məşəl alovlanır) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyi açıqlanmışdır. Lakin Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi ilə bağlı iddialar üzərində araşdırma başladığı məlumatı verilmişdir[19]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənnini müsabiqə üçün seçilməsinin düşünülmüş addım olduğu iddia edilmişdir. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı açıqlanmışdır[20]. 22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Bunun ardınca Rusiyaya müsabiqəyə başqa bir müğənni göndərmək fürsəti verilsə də Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.
Müsabiqədə iştirakçı ölkələrin sayı zaman keçdikdə artmağa başlamışdır. 1956-cı ildə cəmi 7 ölkənin iştirakı ilə başlayan müsabiqədə 80-ci illərdə artıq 20-dən çox ölkə iştirak edirdi. Yuqoslaviya Sosialist Federativ Respublikasının və Sovet Sosialist Respublikaları İttifaqının parçalanmasından sonra Avroviziyada iştirak edən ölkələri daha da çoxalmağa başlamışdır. Müasbiqənin keçirildiyi son onillikdə hər il 40-dan çox ölkə müsabiqədə iştirak etmişdir.
1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayım İttifaqı müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. Bosniya və Herseqovina, Estoniya, Macarıstan, Rumıniya, Slovakiya, Sloveniya və Xorvatiyanın iştirak etdiyi seçim turunda üç keçmiş Yuqoslaviya ölkələri olan Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya qalib gələrək, ilk dəfə Avroviziyaya qoşulmuşdurlar. Bunun ardınca digər ölkələrində Avroviziyada iştirakını təmin etmək üçün AYİ 1993-cü ildən 2004-cü ilə kimi hər il müsabiqədə son beşlikdə qərarlaşan ölkələri növbəti il müsabiqədən uzaqlaşdıraraq, digər iştirak etmək istəyən ölkələrlə əvəz etmişdir.
2000-ci ildən etibarən Avropa Yayım İttifaqının qərarına əsasən Almaniya, Böyük Britaniya, Fransa və İspaniya hər il Avroviziyada birbaşa finalda iştirak etmək hüququ qazanırlar. Bu ölkələrə müsabiqədə eyni zamanda "Böyük Dördlük" ölkələri də deyilirdi. Böyük Dördlük ölkələrinə birbaşa finalda iştirak hüququnun verilməsinə əsas səbəb isə dörd ölkənin müsabiqənin əsas maliyyə dəstəkçiləri olmaları və eyni zamanda müsabiqəyə ən çox reytinq qazandıran ölkələr olmalarıdır. 14 illik fasilədən sonra 2011-ci ildə Avroviziyaya geri dönən İtaliya da AYİ-nin qərarına əsasən Böyük Dördlük ölkələrinə qoşulmuşdur və həmin ildən etibarən Böyük Dördlük statusu "Böyük Beşlik" ilə əvəz olunmuşdur[21]. 2000-ci ildən bəri sözü gedən beş ölkədən yalnız Almaniya 2010-ci ildə "Satellite" mahnısı ilə müsabiqədə qələbə qazanmışdır.
Avropa Yayım İttifaqı Avroviziyada iştirak etmək istəyən ölkələrin çoxluğunu və müsabiqənin yayım vaxtının 25-dən artıq ölkənin iştirakına şərait yaratmadığını nəzərə alaraq 1993-cü ildən 2004-cü ilə kimi hər il müsabiqədə son beşlikdə qərarlaşan ölkələri növbəti il müsabiqədən uzaqlaşdıraraq, digər iştirak etmək istəyən ölkələrlə əvəz etmişdir. Lakin bu qayda həmin illərdə bir çox ölkələrin narazıçılığına səbəb olurdu. Xoşagəlməz vəziyyətin qarşısını almaq üçün müsabiqənin təşkilat komitəsi 2004-cü ildə yeni ideya irəli sürmüşdür[22]. Belə ki, Avroviziyada iştirak etmək istəyən ölkələrin çoxluğu baxımından müsabiqənin il ərzində yalnız bir gün deyil, iki gün keçirilməsinə qərar verilmişdir. Müsabiqənin ilk günündə ölkələrin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsi və ikinci günündə isə final gecəsi təşkil olunurdu. Qaydalara əsasən yarımfinalda ən çox səs toplayan on ölkə finala vəsiqə qazanırdı. Finalda isə ilk onluqda qərarlaşan ölkələr və eyni zamanda Böyük Dördlük ölkələri növbəti müsabiqənin finalında birbaşa iştirak hüququ əldə edirdi.
2008-ci ildə isə AYİ müsabiqədə iştirakda maraqlı olan ölkələrin sayının daha da artmasını nəzərə alaraq, müsabiqədə iki yarımfinal mərhələsinin tətbiq olunacağını elan etmişdir[23]. 2008-ci ildən etibarən müsabiqədə ölkələrin ötən il qazandıqları uğurdan asılı olmayaraq hər bir ölkə yarımfinal mərhələlərində iştirak etməli idi. Yalnız Böyük Dördlük ölkələrinin (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya, daha sonra isə İtaliya) birbaşa finalda iştirak hüququ saxlanılmışdır.
Yarımfinal qaydalarına əsasən ölkələr yalnız öz iştirak etdikləri yarımfinal mərhələsində səs verə bilərlər. Hər iki yarımfinalın səsverməsində ən çox səs toplayan on ölkə Avroviziya finalına vəsiqə qazanmış olur. Finalda isə müsabiqədə iştirak edən bütün ölkələrə səsvermədə iştirak hüququ tanınır. Avroviziyada iştirak etdikləri illər ərzində hər il yarımfinalları uğurla adlayan ölkələr Ukrayna və Avstraliyadır.
Avroviziyanın qalibi olmaqda İrlandiya və İsveçin rekordunu hələ heç bir ölkə təkrarlaya bilməyib. Belə ki, İrlandiya müsabiqədə beş ildə dörd dəfə (1992, 1993, 1994 və 1996), ümumilikdə isə yeddi dəfə qələbə qazanıb. İsveç də müsabiqədə ən çox qələbə qazanan ölkədir. Skandinaviya ölkəsi 63 illik müsabiqədə yeddi dəfə (1974, 1984, 1991, 1999, 2012, 2015 və 2023-cü illərdə) qalibiyyət əldə edib. Böyük Britaniya, Fransa, Niderland və Lüksemburq Avroviziyada beş dəfə, İsrail isə dörd dəfə qələbə qazanıb. Danimarka, Ukrayna, İtaliya və Norveç üç dəfə, Almaniya, Avstriya, İspaniya və İsveçrə isə iki dəfə Avroviziyada qalibiyyət əldə ediblər. İlk müsabiqədə qələbə qazanan ölkə İsveçrə olmuşdur.
Böyük Britaniya Avroviziyada ən çox ikinci yer qazanan ölkədir. Belə ki, ölkə müsabiqə tarixində 16 dəfə ikinci yerdə qərarlaşmışdır. Almaniya, Fransa, İrlandiya, İspaniya və Rusiya isə müsabiqədə dörd dəfə ikinci yer qazanmışdır. Norveç Avroviziyada 11 dəfə sonuncu yerdə qərarlaşaraq müsabiqənin əsas anti-rekorduna sahib olan ölkədir.
21-ci əsrin əvvəllərində Avroviziyada heç vaxt qalib gəlməyən yeni və eyni zamanda uzun müddət müsabiqədə iştirak edən ölkələr qalib gəlmişdirlər. 2001-ci ildə Estoniya müsabiqədə qalib gəlmiş və Avroviziyada qalib gələn ilk keçmiş Sovet Respublikası olaraq tarixə düşmüşdür. 28 illik iştirakdan sonra Türkiyə ilk dəfə 2003-cü ildə Avroviziyada qələbə qazanmışdır. 31 illik iştirakdan sonra Yunanıstan ilk dəfə 2005-ci ildə müsabiqədə qalibiyyət əldə etmişdir. 45 illik iştirakdan sonra isə Finlandiya ilk dəfə 2006-cı ildə müsabiqədə qalibiyyət əldə etmişdir.
Serbiya müsabiqədə elə ilk iştirakında, 2007-ci ildə serb dilində səslənən ballada ("Molitva") ilə qalibiyyət əldə etmişdir[24]. Ukrayna 2004-cü ildə müsabiqədə ikinci iştirakında, Latviya 2002-ci ildə müsabiqədə üçüncü iştirakında, Azərbaycan isə 2011-ci ildə müsabiqədə dördüncü iştirakında ilk Avroviziya qələbəsini qazanmışdır[25].
Avroviziyaya ilk dəfə qoşulduqları vaxtdan 53 il sonra Portuqaliya 2017-ci ildə portuqal dilində səslənən mahnı ilə ilk dəfə müsabiqədə qələbə qazanmışdır.
2009-cu ildən etibarən 50% telesəsvermə, 50% peşəkar münsif səsverməsinin tətbiq edildiyi müsabiqədə cəmi 3 dəfə izləyici və münsif nəticələrində fərqli qaliblər olmuşdur. Belə ki, Avroviziya 2011-in qalibi Azərbaycan xalq səsverməsində birinci yeri qazansa da, münsif səsverməsində ikinci yerdə qərarlaşmışdır. Avroviziya 2015-in qalibi İsveç münsif səsverməsində birinci olsa da, xalq səsverməsində üçüncü yerdə qərarlaşmışdır. Avroviziya 2016-da qalib gələn Ukrayna əslində nə xalq səsverməsində, nə də münsif səsverməsində qalib gəlməmişdir. Ukrayna yalnız iki səsvermənin toplamında ən çox səs toplamış ölkə olaraq müsabiqənin qalibi elan edilmişdir. Həmin müsabiqədə xalq səsverməsinin qalibi Rusiya, münsif səsverməsinin qalibi isə Avstraliya olmuşdur. Ukrayna hər iki səsvermədə ikinci yerdə qərarlaşmışdır.
Qələbə sayı |
Ölkə | İl(lər) |
---|---|---|
7 | İrlandiya | 1970, 1980, 1987, 1992, 1993, 1994, 1996 |
7 | İsveç | 1974, 1984, 1991, 1999, 2012, 2015, 2023 |
5 | Fransa | 1958, 1960, 1962, 1969, 1977 |
Böyük Britaniya | 1967, 1969, 1976, 1981, 1997 | |
Lüksemburq | 1961, 1965, 1972, 1973, 1983 | |
Niderland | 1957, 1959, 1969, 1975, 2019 | |
4 | İsrail | 1978, 1979, 1998, 2018 |
3 | İtaliya | 1964, 1990, 2021 |
Ukrayna | 2004, 2016, 2022 | |
Danimarka | 1963, 2000, 2013 | |
Norveç | 1985, 1995, 2009 | |
İsveçrə | 1956, 1988, 2024 | |
2 | Avstriya | 1966, 2014 |
İspaniya | 1968, 1969 | |
Almaniya | 1982, 2010 | |
1 | Monako | 1971 |
Belçika | 1986 | |
Yuqoslaviya | 1989 | |
Estoniya | 2001 | |
Latviya | 2002 | |
Türkiyə | 2003 | |
Yunanıstan | 2005 | |
Finlandiya | 2006 | |
Serbiya | 2007 | |
Rusiya | 2008 | |
Azərbaycan | 2011 | |
Portuqaliya | 2017 |
Müsabiqədə iştirak edən ölkələrdən Albaniya, Andorra, Avstraliya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Ermənistan, Gürcüstan, İslandiya, Kipr, Litva, Macarıstan, Malta, Moldova, Monteneqro, Polşa, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Şimali Makedoniya və Xorvatiya heç vaxt qalib ola bilməmişdir.
İl | Ölkə | Mahnı | Müğənni(lər) | Xal | İkinci ölkə | Tarix | Ev sahibi olan şəhər |
---|---|---|---|---|---|---|---|
1956 | İsveçrə | "Refrain" | Liz Assia | Bilinmir | Bilinmir | 24 may 1956 | Luqano |
1957 | Niderland | "Net als toen" | Kori Brokken | 31 | Fransa | 3 mart 1957 | Frankfurt |
1958 | Fransa | "Dors, Mon Amour" | Andre Klevyö | 27 | İsveçrə | 12 mart 1958 | Hilversum |
1959 | Niderland | "Een beetje" | Teddi Sxolten | 21 | Böyük Britaniya | 11 mart 1959 | Kann |
1960 | Fransa | "Tom Pillibi" | Jaklin Boye | 32 | Böyük Britaniya | 25 mart 1960 | London |
1961 | Lüksemburq | "Nous les amoureux" | Jan-Klod Paskal | 31 | Böyük Britaniya | 18 mart 1961 | Kann |
1962 | Fransa | "Un premier amour" | İzabel Obre | 26 | Monako | 18 mart 1962 | Lüksemburq |
1963 | Danimarka | "Dansevise" | Qrete və Yörqen İnqmann | 42 | İsveçrə | 23 mart 1963 | London |
1964 | İtaliya | "Non ho l'età" | Cilyola Çinkvetti | 49 | Böyük Britaniya | 21 mart 1964 | Kopenhagen |
1965 | Lüksemburq | "Poupée de cire, poupée de son" | Frans Qall | 32 | Böyük Britaniya | 20 mart 1965 | Neapol |
1966 | Avstriya | "Merci Chérie" | Udo Yürgens | 31 | İsveç | 5 mart 1966 | Lüksemburq |
1967 | Böyük Britaniya | "Puppet on a String" | Sendi Şou | 47 | İrlandiya | 8 aprel 1967 | Vyana |
1968 | İspaniya | "La, la, la" | Massiel | 27 | Böyük Britaniya | 6 aprel 1968 | London |
1969 | İspaniya | "Vivo Cantando" | Salome | 18 | Olmayıb | 29 mart 1969 | Madrid |
Böyük Britaniya | "Boom Bang-a-Bang" | Lulu | |||||
Niderland | "De troubadour" | Lenni Kür | |||||
Fransa | "Un jour, un enfant" | Frida Bokkara | |||||
1970 | İrlandiya | "All Kinds of Everything" | Dana | 32 | Böyük Britaniya | 21 mart 1970 | Amsterdam |
1971 | Monako | "Un banc, un arbre, une rue" | Severin | 128 | İspaniya | 3 aprel 1971 | Dublin |
1972 | Lüksemburq | "Après toi" | Viki Leandros | 128 | Böyük Britaniya | 25 mart 1972 | Edinburq |
1973 | Lüksemburq | "Tu te reconnaîtras" | Ann-Mari David | 129 | İspaniya | 7 aprel 1973 | Lüksemburq |
1974 | İsveç | "Waterloo" | ABBA | 24 | İtaliya | 6 aprel 1974 | Brayton |
1975 | Niderland | "Ding-A-Dong" | Teach-In | 152 | Böyük Britaniya | 22 mart 1975 | Stokholm |
1976 | Böyük Britaniya | "Save Your Kisses for Me" | Brotherhood of Man | 164 | Fransa | 3 aprel 1976 | Haaqa |
1977 | Fransa | "L'oiseau et l'enfant" | Mari Miriam | 136 | Böyük Britaniya | 7 may 1977 | London |
1978 | İsrail | "A-Ba-Ni-Bi" | İzhar Koen və Alphabeta | 157 | Belçika | 22 aprel 1978 | Paris |
1979 | İsrail | "Hallelujah" | Qali Atari və Milk&Honey | 125 | İspaniya | 31 mart 1979 | Qüds |
1980 | İrlandiya | "What's Another Year?" | Conni Loqan | 143 | Almaniya | 19 aprel 1980 | Haaqa |
1981 | Böyük Britaniya | "Making Your Mind Up" | Bucks Fizz | 136 | Almaniya | 4 aprel 1981 | Dublin |
1982 | Almaniya | "Ein bißchen Frieden" | Nikol | 161 | İsrail | 24 aprel 1982 | Harroqeyt |
1983 | Lüksemburq | "Si la vie est cadeau" | Korinn Erme | 142 | İsrail | 23 aprel 1983 | Münhen |
1984 | İsveç | "Diggi-Loo Diggi-Ley" | Herreys | 145 | İrlandiya | 5 may 1984 | Lüksemburq |
1985 | Norveç | "La det swinge" | Bobbysocks | 123 | Almaniya | 4 may 1985 | Göteborq |
1986 | Belçika | "J'aime la vie" | Sandra Kim | 176 | İsveçrə | 3 may 1986 | Bergen |
1987 | İrlandiya | "Hold Me Now" | Conni Loqan | 172 | Almaniya | 9 may 1987 | Brüssel |
1988 | İsveçrə | "Ne partez pas sans moi" | Selin Dion | 137 | Böyük Britaniya | 30 aprel 1988 | Dublin |
1989 | Yuqoslaviya | "Rock Me" | Riva | 137 | Böyük Britaniya | 6 may 1989 | Lozanna |
1990 | İtaliya | "Insieme: 1992" | Toto Kutunyo | 149 | İrlandiya/ Fransa | 5 may 1990 | Zaqreb |
1991 | İsveç | "Fångad av en stormvind" | Karola | 146 | Fransa | 4 may 1991 | Roma |
1992 | İrlandiya | "Why Me?" | Linda Martin | 155 | Böyük Britaniya | 9 may 1992 | Malmö |
1993 | İrlandiya | "In Your Eyes" | Niv Kavana | 187 | Böyük Britaniya | 15 may 1993 | Millstrit |
1994 | İrlandiya | "Rock 'n' Roll Kids" | Pol Harrinqton və Çarli MakQettiqan | 226 | Polşa | 30 aprel 1994 | Dublin |
1995 | Norveç | "Nocturne" | Secret Garden | 148 | İspaniya | 13 may 1995 | Dublin |
1996 | İrlandiya | "The Voice" | Eymar Kuinn | 162 | Norveç | 18 may 1996 | Oslo |
1997 | Böyük Britaniya | "Love Shine a Light" | Katrina & the Waves | 227 | İrlandiya | 3 may 1997 | Dublin |
1998 | İsrail | "Diva" | Dana International | 172 | Böyük Britaniya | 9 may 1998 | Birminhem |
1999 | İsveç | "Take Me to Your Heaven" | Şarlotta Nilsson | 163 | İslandiya | 29 may 1999 | Qüds |
2000 | Danimarka | "Fly on the Wings of Love" | Olsen Brothers | 195 | Rusiya | 13 may 2000 | Stokholm |
2001 | Estoniya | "Everybody" | Tanel Padar, Deyv Benton və 2XL | 198 | Danimarka | 12 may 2001 | Kopenhagen |
2002 | Latviya | "I Wanna" | Marie N | 176 | Malta | 25 may 2002 | Tallin |
2003 | Türkiyə | "Everyway That I Can" | Sertab Erener | 167 | Belçika | 24 may 2003 | Riqa |
2004 | Ukrayna | "Wild Dances" | Ruslana | 280 | Serbiya və Monteneqro | 15 may 2004 | İstanbul |
2005 | Yunanıstan | "My Number One" | Elena Paparizu | 230 | Malta | 21 may 2005 | Kiyev |
2006 | Finlandiya | "Hard Rock Hallelujah" | Lordi | 292 | Rusiya | 20 may 2006 | Afina |
2007 | Serbiya | "Molitva" | Mariya Şerifoviç | 268 | Ukrayna | 12 may 2007 | Helsinki |
2008 | Rusiya | "Believe" | Dima Bilan | 272 | Ukrayna | 24 may 2008 | Belqrad |
2009 | Norveç | "Fairytale" | Aleksandr Rıbak | 387 | İslandiya | 16 may 2009 | Moskva |
2010 | Almaniya | "Satellite" | Lena | 246 | Türkiyə | 29 may 2010 | Oslo |
2011 | Azərbaycan | "Running Scared" | Eldar Qasımov və Nigar Camal | 221 | İtaliya | 14 may 2011 | Düsseldorf |
2012 | İsveç | "Euphoria" | Lorin | 372 | Rusiya | 26 may 2012 | Bakı |
2013 | Danimarka | "Only Teardrops" | Emmili de Forest | 281 | Azərbaycan | 18 may 2013 | Malmö |
2014 | Avstriya | "Rise Like a Phoenix" | Konçita Vurst | 290 | Niderland | 10 may 2014 | Kopenhagen |
2015 | İsveç | "Heroes" | Mons Selmerlöv | 365 | Rusiya | 23 may 2015 | Vyana |
2016 | Ukrayna | "1944" | Camala | 534 | Avstraliya | 14 may 2016 | Stokholm |
2017 | Portuqaliya | "Amar Pelos Dois" | Salvador Sobral | 758 | Bolqarıstan | 13 may 2017 | Kiyev |
2018 | İsrail | "Toy" | Netta Barzilay | 529 | Kipr | 12 may 2018 | Lissabon |
2019 | Niderland | "Arcade" | Dankan Lourens | 498 | İtaliya | 18 may 2019 | Təl-Əviv |
2021 | İtaliya | "Zitti e buoni" | Maneskin | 524 | Fransa | 22 may 2021 | Rotterdam |
2022 | Ukrayna | "Stefania" | Kaluş Orkestrı | 631 | Böyük Britaniya | 14 may 2022 | Turin |
2023 | İsveç | "Tattoo" | Lorin | 583 | Finlandiya | 13 may 2022 | Liverpul |
2024 | İsveçrə | "The Code" | Nemo | 591 | Xorvatiya | 11 may 2022 | Malmö |
Avroviziya müsabiqənin həm musiqi, həm də siyasi tərkibinə görə dəfələrlə tənqidə məruz qalmışdır.[26] Məsələn, müsabiqədə müxtəlif illərdə səsvermə zamanı müəyyən qonşu ölkələrin bir-birinə səs verdikləri məqamlarda zalda əyləşən insanlar səsverməyə etiraz etmişdirlər. Müsabiqədə əsasən narazıçılıqlara səbəb olan ölkə isə Rusiyadır. 2014 və 2015-ci illərdə Rusiya təmsilçiləri müsabiqədə səhnə aldıqları zaman ifa boyunca zalda əyləşən kütlənin böyük hissəsi ölkəyə qarşı olan etiraz səslərini yüksəltmişdirlər. Avropalıların Rusiyaya qarşı bu ani aqressiyasının səbəbinin Rusiyanın Krıma hərbi müdaxilə etməsindən və ölkədə LGBT hüquqlarının pis vəziyyətdə olmasından yarandığı düşünülür[27].
Formal olaraq Avroviziyada təqdim olunan musiqiyə heç bir məhdudiyyət qoyulmur, janrın seçimi ifaçının və seçim prosesinə cavabdeh təşkilatın öhdəsinə buraxılır. Yeganə məhdudiyyət mahnı mətnlərində senzuradan kənar ifadələrin, siyasi çağırışların və buna bənzər ifadə tərzlərinin olmasına qoyulur.
Lakin ötən illər ərzində müsabiqənin məxsusi "formatı" yaranıb və səs verən tamaşaçıların zövqü nəzərə alınaraq bu formata uyğun mahnılar yazılır. Əksər hallarda iştirakçılar pop musiqisi, balladalar, ya da xalq musiqisinin estrada tərzində olan işləməsini ifa edirlər. Lakin bu "format" ilk dəfə 2006-cı ildə Finlandiya təmsilçiləri olan Lordi ağır metal rok qrupunun müsabiqədə qalibiyyət qazanmaları ilə aradan qalxmışdır. Son illərdə isə artıq müsabiqədə tamam fərqli musiqi janrlarından, habelə, caz, elektronika, country və s. istifadə edilir.