Mihrimah Sultan (1 noyabr 1922, İstanbul – 30 mart 2000, Amman) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Mihrimah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1922 |
Doğum yeri | Heydərpaşa köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 30 mart 2000 (77 yaşında) |
Vəfat yeri | Amman, İordaniya |
Dəfn yeri | Sultan Rəşad türbəsi, İstanbul |
Atası | Mehmed Ziyayəddin Əfəndi |
Anası | Neşəmənd xanım |
Həyat yoldaşı | Nayef ibn Abdullah |
Uşaqları |
Əli ibn Nayef Asim ibn Nayef |
Ailəsi | Osmanlı xanədanı |
Mihrimah Sultan, Osmanlı səltənətinin ləğvindən 10 gün sonra - 11 noyabr 1922-ci ildə atasına məxsus Heydərpaşa köşkündə dünyaya gəldi və beləcə, səltənətin ləğvindən sonra dünyaya gələn ilk xanım sultan oldu. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun son xanımı Neşəmənd xanımdır. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, hələ 2 yaşı tamam olmayan Mihrimah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Mihrimah Sultan Qahirə və Parisdə təhsilini tamamladı. 1934-cü ildə anası Neşəmənd xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Mihrimah Sultan, bacısı Lütfiyə Sultan və ailəsiylə birlikdə İordaniyaya köçdü.
İkinci Dünya müharibəsi davam edərkən, 30 sentyabr 1940-cı ildə Mihrimah Sultan İordaniya kralı I Abdullahın kiçik oğlu Nayef ibn Abdullahla nigahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün ilk övladı Əli 10 avqust 1941-ci ildə, ikinci övladı Asim isə 27 aprel 1948-ci ildə məhz bu şəhərdə dünyaya gəldi. Kral ailəsinin digər xanım üzvlərindən daha azad həyat sürən Mihrimah Sultan hicaba girməmiş, sadəcə üzünü şəffaf niqabla örtmüşdür.
Kral Abdullahın Qüdsdə öldürülməsinin ardından böyük oğlu Təlal İordaniya kralı, Mihrimah Sultanın əri olan Nayef isə vəliəhd elan olundu. Ancaq Kral Təlal əqli zəif idi və bu səbəblə cəmi 1 il sonra taxtdan endirilərək müalicə məqsədilə İstanbula göndərildi. Vəliəhd Nayef isə siyasətlə maraqlanmmadığını bildirərək taxtdan imtina etdi və taxt Kral Təlalın oğlu Hüseynə qaldı. Mihrimah Sultan və əri Nayef ibn Abdullah isə ailənin ən nüfuzlu üzvləri olaraq Ammanda yaşamağa davam etdilər.
Ərinin 1983-cü ildə ölümündən sonra, bir müddət ABŞ və Birləşmiş Krallıqda yaşayan Mihrimah Sultan daha sonra İordaniyaya qayıtdı. Tutulduğu leykoz xəstəliyi səbəbilə, 30 mart 2000-ci ildə vəfat edən Mihrimah Sultanın cənazəsi İstanbula gətirilərək Sultan Rəşad türbəsinə - babasının yanına dəfn olundu.