Ülviyyə Sultan (osman. اولویا بنت, Ulviye Sultan) və ya Ülviyyə bin Əbdülhəmid xan (osman. اولویا بنت عبدالحمید هان, Ulviye bint Abdul Hamid Han; 1864 və ya 1868, İstanbul – 29 noyabr 1870, 1870, 1872, 1875 və ya 5 oktyabr 1875, İstanbul) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür.
Ülviyyə Sultan | |
---|---|
Ülviyyə bin Əbdülhəmid xan türk. Ulviye bint Abdul Hamid Han osman. اولویا بنت عبدالحمید هان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1864 və ya 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1870, 1870, 1872, 1875 və ya 5 oktyabr 1875 |
Vəfat yeri | |
Dəfn yeri | Cedid Havatin türbəsi, Yeni məscid, İstanbul, Türkiyə |
Sülalə | Osmanlı sülaləsi |
Atası | II Əbdülhəmid |
Anası | Nazikəda Qadınəfəndi |
Ülviyyə Sultan 1864[1] və ya 1868-ci ildə[2][3][4] Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur.[5][4] Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir.[6][7][2] Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ən azı 16 ögey qardaşı və bacısı var idi.[1] Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir;[8] Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi".[5]
Türkiyə tarixçisi Nəcdət Sakaoğlu[türk.] qızın 7 yaşında ikən saray təhsili almağa başladığını bildirmişdir. Bir gün dərsdən sonra Ülviyyə həmin vaxt musiqi ifa edən anasının otağına gedir. Nazikədanın otağındakı masanın üzərində kibrit vardı və görünür ki, Ülviyyə bunları yoxlamağa qərar vermişdi. Onun uzun qıvırcıq saçları və açıq tül paltarı bir anda alovlanmışdır.[8] Qızının qışqırtısını eşidən Nazikəda ona tərəf qaçmış,[5] lakin qızına kömək edə bilməmişdir.[8] Akademik Əkrəm Buğra Əkinçi[türk.] hadisə vaxtı Ülviyyənin 8 yaşında olduğunu qeyd etmişdir.[9] Tarixçi Çağatay Uluçay[türk.] isə bildirir ki, hadisə vaxtı Nazikəda qızını yerə atmağı bacarmış, bu səbəbdən qadının özü də üzündən, sinəsindən və əllərindən yanıqlar almış, amma qızını xilas edə bilməmişdir.[5] Döşəmədəki xalçaların alovlanması vəziyyəti daha da pisləşdirmişdir. Həkimlər, xidmətçilər və Pərtəvniyal Sultan Nazikədanın qışqırtısına qaçaraq otağa gəlmişdirlər.[8] Uluçay qeyd edir ki, yanğın namaz xalçasının vasitəsilə söndürülmüş,[5] lakin Ülviyyənin yanıqları çox ağır olduğuna görə o, vəfat etmişdir.[10] Hadisə vaxtı dənizdə olan Əbdülhəmid qızının ölüm xəbərini öyrənərək böyük kədər yaşamışdır.[8] Uluçay həmçinin, sultanın sevimli övladının öldüyünü öyrənən vaxt özünü itirdiyini qeyd etmişdir.[5] Digər bir mənbəyə görə, Ülviyyə son nəfəsində gözlərini açaraq sonuncu dəfə atasına baxmış və "ata" deyərək vəfat etmişdir.[10] Elə ki, Əbdülhəmid 13-cü uşağı Xədicə Sultan 8 aylıq ikən öldüyündə də eyni kədəri təkrar yaşamış, Şişli Hamidiyə Xəstəxanasını[türk.] onun adına inşa etdirmişdir.[10] Saray nədimələrindən Leyla Açbanın[türk.] qeyd etdiklərinə görə, Nazikəda xanımın da qızına qarşı olan üzüntüsü heç vaxt bitməmiş, hər axşam yatağında "Arslanım Ülviyyəm" deyə göz yaşlarına boğulmuşdur.[11] Cəmilə Sultanın yetiştirməsi Rumeysa Aredba[türk.] isə xatirələrində Nazikəda xanımın yaşadığı tərifi olmayan iztirabı Cəmilə Sultanın dilindən bu formada təsvir etmişdir: "Övlad acısı başqadır, övladını itirdi və fani həyatın bütün zövqlərindən və səfasından əlini ətəyini çəkdi. O zavallı qızımı gördükcə bədbəxt oluram.".[11] Padşahın digər ailə üzvləri də hadisədən kədərlənmişdir. Ailəsi oxşar bir hadisənin daha əvvəl də yaşandığını xatırlatmışdır; belə ki, II Mahmudun bir yaşındakı qızı Əminə Sultan da yanğında vəfat etmişdir.[8]
Ülviyyənin dəqiq vəfat tarixi bilinmir, həmçinin Nəcdət Sakaoğlu qızın ögey bacısı Aişə Sultanın açıqlamasına əsaslanaraq hadisənin 1875-ci ildə Konstantinopolda baş verdiyini bildirmişdir.[8] Çağatay Uluçay[12] və digər mənbələr də eyni versiyanı qəbul etmişdir.[11] Yılmaz Öztuna qızın dəqiq vəfat tarixinin 5 noyabr 1875-ci il olduğunu bildirmişdir.[4] Bundan başqa, mənbələr qızın vəfat tarixini 29 noyabr[8] 1870[1][13] və ya 1872-ci il[14] kimi də təqdim edirlər. Ülviyyə Sultan İstanbuldakı Yeni məscidin məqbərələrindən birində dəfn edilmişdir.[8][13][15][5][16] Uluçay dəfn yerini "Cedit türbəsi",[12] Öztuna isə "V Murad türbəsi" olaraq qeyd etmişdir.[4] Anası Nazikəda da daha sonra buraya dəfn edilmişdir.[17][18]
Aişə Sultan öz xatirələrində atası Əbdülhəmidin Ülviyyə barədə bunları dediyini yazır: