Səniyə xanım Sultan (4 oktyabr 1843, İstanbul – 1913) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Səniyə xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1843 |
Doğum yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 1913 |
Vəfat yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Atası | Əhməd Fəthi Paşa |
Anası | Atiyə Sultan |
Həyat yoldaşı | Hüseyn Hüsnü Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Səniyə xanım Sultan 4 oktyabr 1843-cü ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 7 yaşında ikən anası vəfat etdi və bacısı Fəridə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar.
1860-cı ildə Səniyə xanım Mustafa Nuri Paşanın oğlu Hüseyn Hüsnü Paşayla nigahlandı və yeni ailəsiylə birlikdə Fəriyə sarayında yaşamağa davam etdi. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Səniyə xanım bacısını da yanına alaraq ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il bacısı Fəridə xanım Sultan Mahmud Nədim Paşayla evləndirildi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar.
1899-cu ildə ərinin vəfatıyla dul qalan Səniyə xanımın bu nigahdan övladı olmadı və bir daha evlənmədi. 1913-cü ildə vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa dəfn olundu.