Nəqşibəndilər

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Nəqşibəndilik (fars. نقشبندی‎) — sufizmin əsas sünni təriqəti. Adı Bəhaəddin Nəqşbənd Buxaridən götürülmüşdür. Nəqşibəndi ustadları sünni İslamın birinci xəlifəsi Əbu Bəkr və sünni İslamın dördüncü xəlifəsi Əli vasitəsilə İslam peyğəmbəri Məhəmmədə qədər öz nəsillərini izləyirlər.[1][2][3][4][5] Əli və Əbu Bəkr vasitəsilə 6-cı İmam Cəfər əl-Sadiq vasitəsilə bu ikili nəslə görədir ki, orden (təriqət) “iki okeanın yaxınlaşması” və ya “Cəfər Sadiqin sufi ordeni” kimi də tanınır.[6]

Nəqşibəndilik təriqətinin banisi Məhəmməd Bəhaəddin 718-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö. 740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Əbdülxaliq Qicduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.

Təriqətin əsas prinsip və ibadətləri

[redaktə | mənbəni redaktə et]

Nəqşibəndilikdə əsma-yəni Allahın bəzi adları və səs ilə zikr etmək yoxdur. Bu baxımdan təriqət hafi – yəni səssiz zikr ərbabına da aiddir. Nəqşibəndilər təriqət zəncirinin bir tərəfdən həzrət Əliyə çatdığı görüşündədirlər. Eyni zamanda təriqət zəncirinin Peyğəmbər tərəfindən gizli zikr təlqin edilən həzrət Əbu Bəkrə gedib çıxdığını da iddia edirlər. Xacə Abdülxaliq Qucduvaninin tərtib etdiyi rəvayət edilən on bir təməl prinsipə riayət etmək əsas şərtdir:

  1. "Vukufi zamanı": Mənəvi yolçuluğa çıxmış müridin keçən zamanı həmişə dəyərləndirməsi, ona sahib çıxmasıdır. Mürid bütün varlığı ilə boş vaxt keçirməməli, hər anını qiymətləndirməlidir. Hər an Haqqı düşünməli, ondan qafil olmamalıdır. Sözünə, işinə nəzarət etməli, həyatına düzən verməlidir.
  2. "Vukufi ədədi": Mürid verilən dərsin sayından xəbərdar olmalıdır. Bəhaəddin Nəqşibənd qəlbi zikrdə saya riayətin sadəcə hafizədə mövcud olan, bir sıra şeylərin zehindən uzaqlaşması ilə zikrin əldə edəcəyi nəticənin gerçəkləşməsini təmin etmək olduğunu qeyd etmişdir. Zikrdən əsas məqsəd zikr edənin qəlbinin Allah ilə fərəh tapmasıdır.
  3. "Vukufi qəlbi" (qəlbi oyaq tutmaq): Zikr edərkən tamamilə Allaha bağlanmaqdır. Bunun sayəsində dünya malına qarşı duyulan hədsiz sevgi azalır.
  4. "Huş dər deləm" (nəfəs alarkən qəflətdə olmamaq): "Huş" ağıl, "deləm" isə nəfəs deməkdir. "Huş dər deləm" isə nəfəs alıb-verərkən oyaq olmaq, qəflətdən qorunmaqdır. Nəfəsi qəflətdən qorumaq qəlbi hüzura qovuşdurur.
  5. "Nəzər bər qədəm" (ayağa baxmaq): Yeriyərkən önünə baxan adam dünya malına aludə olmaz, ətrafa baxıb dalmaq qəlbi pərdələyər. Bu yolun yolçusu digərlərinə baxmaqdan uzaqlaşar, önünə baxan kimsədə isə təvazökarlıq xüsusiyyətlərinin qüvvətləndiyinə inanar. "Nəzər bər qədəm" həm də beləsinin özündən yüksək olanlara baxıb üsyankar olmamağı, aşağıdakıları görərək şükür etməsi və onlara gücü nisbətində yardım etməsi deməkdir.
  6. "Səfər dər vətən" (haqdan haqqa səfər): İnsanın pis əməllərdən, bəşəri sifətlərdən gözəl əməllərə, insani sifətlərdən məsləki sifətlərə səfər etməsi, əxlaqi kamilliyə qovuşmasıdır. Dərvişlərin feyz ala biləcəkləri birisi ilə qarşılaşıncaya qədər səfər etməsinə də bu ad verilmişdir.
  7. "Xəlvət dər əncüman": Cəmiyyət içərisində olsa belə özünü Allahın hüzurunda təkbətək hiss etməkdir. Bildirilir ki, Bahaəddin Nəqşibənd bu təriqətin "xəlvət dər əncüman" təməli üzərində qurulduğunu söyləmişdir.
  8. "Yadgerd" (zikr etmək): Səssiz şəkildə qəlb ilə Allahı zikr etməyə çalışmaqdır.
  9. "Bazgeşt"(dönüş): Dili ilə Allahı zikr edərkən qəlbində "ilahi əntə maksudi və rızaukə mətlubi", yəni "Allahım, dilədiyim sənsən, istədiyim də sənin varlığın" cümləsinin mənasını düşünməkdir.
  10. "Teqahdaşt" (mühafizə, qorunmaq): Zikr edənin qəlbinə sahib olub bu dünyaya aid şeyləri qəlbindən çıxarmağa çalışmasıdır. Qəlbə vəsvəsə verən hər şeydən xilas olmaq və qorunmaqdır.
  11. "Yaddaşt" (yad etmək) : Bütün varlığı ilə Allahı düşünməyə çalışmaq, hafizədə dünyaya aid şeyləri unutmaqdır.

Bəzi alimlər Nəqşibəndilik təriqətinin əsas prinsiplərini bu maddələrlə cəmləşdirir: a) Şəriətlə zahiri təmizləmək b) Təriqətlə batini təmizləmək c) Həqiqətlə qurbı ilahiyə, yəni Allaha yaxınlığa nail olmaq ç) Mərifətlə Allahın dərgahına çatmaq Digər təriqətlərdə olduğu kimi, Nəqşibəndilikdə də rabitə vardır. Rabitə – birbaşa Allah ilə mənəvi bağ və əlaqə yarada bilməyən mürid, Məhəmməd Peyğəmbərdən etibarən həyatda olan mürşidinə qədərki silsilədə bütün şeyxlərin bir yerdə oturduqlarını, özünün də mürşidinin yanında olduğunu və onlardan mənəvi bir feyz aldığını düşünməsidir. Rabitə vasitəsi ilə alınan feyz mənəvi yolda irəliləməyə vəsilədir. Rabitədə diqqət ediləcək əsas amil rabitə edilən adamın bu işin əhli, alim, kamil bir mürşid olmasıdır. Əks təqdirdə, istənilən nəticə əldə edilməz. Rabitə vasitəsi ilə mürid, "fəna fi-ş-Şeyx" (şeyxin hüzurunda fani olmaq), ondan sonra "fəna fi-r-Rəsul" (peyğəmbər hüzurunda fani olmaq) və "fəna fillaha"-a (Allah-Təala hüzurunda fani olmaq) çatır. Əgər mürid bir başa "fəna fillah"-a çatıbsa rabitə yaratmağa ehtiyac qalmır.


Bundan başqa, Nəqşibəndilik təriqətində insanların nəfsin istəklərindən qorunması üçün tövbə, istiğfar, zikr, təfəkkür, nafilə namazlar və buna bənzər ibadətlərlə məşğul olmaq tövsiyə edilir. Bu şəkildə nəfsə qalib gəlib, qəlbi nəzarətdə saxlamağa "mürakəbə" deyilir. Nəqşibəndilər ilk əvvəl qəlbən, gizli şəkildə zikr edirdilər. Hal-hazırda Xalidilik qolundan başqa təriqətin digər qolları dil ilə, açıq şəkildə zikr edirlər. Təriqət üzvləri zikr edərkən təmiz paltarla və heç kimin olmadığı təmiz yerdə gecə vaxtı başlarına bir örtük atıb qibləyə doğru otururlar. Onlar bu vəziyyətdə öldükdən sonra yuyulmaq, dəfn edilmək, qəbir evində olan mələklərin gəlişləri, Qiyamət günü, məhşər və axirət barədə düşünür, gözlərini yumub qəlbindən dünya işlərini çıxarır, mürşidin üzünu iki qaş arasında fərz edərək iyirmi dəfə istiğfar (Allahdan günahların bağışlanmasını istəmək), bir dəfə Fatihə, üç dəfə İxlas surəsini oxuyurlar. Sonra da səssiz olmaq şərti ilə, yuxarıda "Bazkeşt" də qeyd edildiyi kimi, Allahın razılığını diləməklə Allahın adını müəyyən sayda yad edirlər.


Nəqşibəndilik təriqətində camaatla edilən zikrə "xətmi xacəqan" deyilir. Xətm böyük və kiçik olaraq iki yerə bölünür, səsli və ya səssiz şəkildə icra edilir. Bunların da aralarında iki fərq vardır. Birinci fərq 79 dəfə oxunmalı olan əl-İnşirâh surəsinin oxunmamasıdır, digər fərq isə 1001 dəfə İxlas surəsi yerinə 500 dəfə "Ya Baqi əntə-l-Baqi" cümləsinin oxunmasıdır.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Əhli Sünnə məzhəbinə bağlı olan Nəqşibəndilik təriqətində müxtəlif elmlərlə məşğul olmağa, moizə və söhbətlər vasitəsi ilə bu elmləri təbliğ etməyə böyük əhəmiyyət verilir. Nəqşibənd özü də hər fürsətdə söhbət edər, söhbətlərində elm və əxlaqa böyük yer verər, "Təriqətimiz söhbətdir" deyərmiş.


Elmlə məşğul olmağın, dəqiq elmlərdən, xüsusi ilə fizika, kimya, biologiya və s. kimi Haqqın qüdrət və əzəmətini dərk etməyə vəsilə olan elmlərdən faydalanmağın bir növ zikr olduğu qəbul edilir. Nəqşibəndilik təriqətinin mənsubları şəriət əsaslarına riayət etməyə və ona bağlı olmağa da son dərəcə böyük əhəmiyyət verirlər.

Təriqətin inkişaf tarixi və qolları

[redaktə | mənbəni redaktə et]

Nəqşibəndilik təriqəti Bəhaəddin Nəqşibəndinin xələflərindən Ələddin Əttar, Zahid Bədahşi və Məhəmməd Parsa tərəfindan çox geniş əraziyə yayıldı. Yəsəviyyə təriqətinin hakim olduğu bölgələrdə ətrafına xeyli tərəfdar topladı. İmam Rəbbaninin dövründə (ö. h. 1034) Hindistan və ona yaxın ərazilərdə yayıldı. İmam Rəbbaninin oğlu Məhəmməd Məsum da ciddi tədris islahatı keçirərək atasının mötədil təsəvvüf yolunu davam etdirdi.

Nəqşibəndi təriqəti Fateh Sultan II Mehmedin hakimiyyəti illərində Molla İlahi tərəfindən İstanbulda yayılmağa başladı. XVIII əsrdə Mövlana Ziyəddin Bağdadinin sayəsində təriqət Osmanlı dövləti ərazisində genişlənərək böyük nüfuza malik oldu.

Nəqşibəndilik təriqətinin Əhrariyyə, Naciyyə, Kəsaniyyə, Muradiyyə, Məzxəriyyə, Cəlaliyyə, Xalidiyyə və Mücaddidiyyə adlı qolları vardır. Bu qollar içində ən çox yayılanları Xalidiyyə və Mücaddidiyyədir.

Mücəddidiyyə qolu İmam Rəbbani adını götürüb həzrət Peyğəmbərin bir hədisinə istinad edərək, özünü hicrətin II minilliyində İslam dinini təzələyən bir adam mənasında işlədilən "Mücəddidi əlfi-sani" olaraq təqdim edən Əhməd Fəruqi Səhrin tərəfindən qurulmuşdur. Həzrət Ömərin soyundan olduğunu iddia edən Əhməd Faruki 1563-cü (hicri 971) ildə anadan olmuş, Xacə Baki Məhəmməd adında birisinə bağlanmışdır. Farukinin təriqət zənciri altı şəxsdən ibarət olan Bəhaəddin Nəqşibəndə gedib çıxır. İstinad edilən dini ədəbiyyatları "Kitabul-Ənharil-ərbaa" və əsasən məktubların toplanılmasından meydana gələn "Məktubat" əsərlərindən ibarət məşhur sufi kitablarıdır. Əhməd Faruki bu məktublarında İbn Ərəbinin vəhdəti-vucud haqqındakı görüşlərinin qəti əleyhinə çıxmış və onun yanıldığını söyləmişdir. O, Mövlanə Cəlaləddin Rumi ilə İbn Ərəbi tamamilə ayrı-ayrı görüşdə olmasına baxmayaraq, bunu ayırd edə bilməmiş, Mövlanə kimi bir mütəfəkkiri "təriqət uşağı" adlandırmaqdan çəkinməmişdir.

Nəqşibəndiliyin ən çox yayılan ikinci qolu Xalidiyyədir. Mücəddidiyyə qolundan ayrılan bu qolun qurucusu 1776-cı ildə İraqın Süleymaniyyə şəhərinin Qaradağ qəsəbəsində anadan olmuş Mövlanə Xəlildir. O, Bağdadda təhsil alıb, sonra Hindistana gedərək Abdulla Dəhləviyə bağlanmış, daha sonra isə Şam şəhərinə köçərək orada məskunlaşmışdır. İslam dünyasında Mövlanə Calaləddin Rumidən sonra Mövlanə ləqəbi ilə məşhur ikinci şəxs olması onun təsir və nüfuzundan xəbər verir. Şafii məzhəbinə bağlı olduğunu, Həzrət Osmanın və həzrət Əlinin soyundan gəldiyini söyləyən Mövlanə Xəlil 1826-cı ildə vəfat etmişdir. Onun müridləri fəaliyyətlərini davam etdirərək qısa müddət ərzində Livan, İran, İraqMisirdə geniş bir əraziyə yayılmışlar.

Şeyx Xalidin xələfləri fəaliyyətdə olduqları hər yerdə Osmanlı dövlətinin mənafeyi və nüfuzu üçün çalışmışlar. Tanınmış Hənəfi fəqihi İbn Abidin, "Ruhu-l-məani" adlı təfsirin müəllifi Alusi və Sultan II Mahmudun şeyxulislamı Məkkizadə Mustafa Asim Əfəndi kimi məşhur alimlər bu qolun nümayəndələrindən olmuşlar.

Xalidilər Osmanlı Dövləti və Türkiyə cümhuriyyətinin siyasi və mədəni həyatında aktiv iştirak etmişlər. Əsas şüarları xalqın sosial rifahını yüksəltmək olmuşdur. Bu qolun nümayəndələri hazırda Türkiyə Böyük Millət Məclisində və hökumətin özündə nüfuz sahibidirlər.

Nəqşibəndilik Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Təriqətinin nümayəndələri Azərbaycanda ilk dəfə XV əsrdə görünməyə başlamışlar. Naxçıvanda Nematullah Naxçıvani (ö.1497), İrəvanUrmiya ətrafında Əziz Mahmud Urməvi (ö.1674) və Təbrizdə isə Nəcməddin Bərqbafdər (1506) və Əbu Səid ibn Sünillah (ö.1572) bu təriqəti təbliğ etmiş, xeyli tərəfdar toplamışlar. Lakin XVI əsrdən sonra Azərbaycanda təsəvvüf cərəyanları dini-siyasi təzyiqlər nəticəsində, həmçinin meydana güclü təmsilçilərinin çıxmadığı üçün zəifləmişdir. Məşhur nümayəndələri məmurların və mollaların təhdidlərinə məruz qalaraq Hindistan, Anadolu, Misir və Türkistana köçməyə məcbur olmuşlar.

XIX əsrdə İsmayıl Şirvani, Qutqaşenli Yəhya Əfəndi, Mir Həmzə Nigari kimi məşhur şəxslərin vasitəsilə yenidən dirçəlmiş nəqşibəndilərin taleyi daha ağır olmuşdur. Ötən əsrin 30-cu illərindəki repressiyalardan sonra bir çox tanınmış simasını itirmiş nəqşibəndilik təriqət kimi fəaliyyətini dayandırmışdır. Onların Vətənimizdəki fəaliyyətlərinin üçüncü mərhələsi müstəqilliyimizi qazandıqdan sonrakı dövrə təsadüf edir. Demək olar ki, öz təlimlərinin təbliğatının başlanğıc mərhələsindədirlər. Türkiyə Cümhuriyyətindəki mərkəzlərindən asılıdırlar.

Onların təbliğat metodu və strategiyası gəlincə, əsasən iri şəhərlərdə, tarixən mənəvi yaxınlıqları olan bölgələrdə fəaliyyətə üstünlük verirlər. Vahid mərkəzdən idarə olunduqları, maliyyə qaynaqlarının sabitliyi diqqəti cəlb edir. Siyasi proseslərdə iştirak etməsələr də, tanınmış ictimai-siyasi xadimlərlə münasibət qurmaqda maraqlıdırlar. Yardım fondları, tədris ocaqları, nəşriyyat evləri, həmçinin, sənaye müəssisələri açır, xeyriyyə tədbirləri təşkil edirlər. Yerli inanclara və adət-ənənələrə hörmətlə yanaşırlar. Bu da onlara nüfuz qazanmaqda kömək edir. Lakin fəaliyyətdə olduqları illər ərzində təriqətin sıralarını genişləndiyini demək də, doğru deyil. Ümumiyyətlə, sərt nizam-intizam qaydaları olan bu təriqətin üzvi olmaq uzun illər və təmkinlə yanaşı, formalaşmış dini mühit tələb edən prosesdir. Məhz bu səbəbdən indiki mərhələ də təriqər dəvətçilərinin əsas məqsədləri mövqelərinin müdafiə edənlərin sayını artırmaq və kütlə arasında nüfuz sahibi olmaqdır. Hazırda sünni məzhəbinin, xüsusən də Hənəfi fiqh məktəbinin təlimlərinin təbliğatı ilə məşğuldur. Əsasən, Bakı, Şəki, Zaqatala, Qəbələ, AğdaşGöyçay rayonlarında yayılmışdır.

  1. Milani, M.; Possamai, A.; Wajdi, F. Branding of Spiritual Authenticity and Nationalism in Transnational Sufism // Michel, P.; Possamai, A.; Turner, B. (redaktorlar ). Religions, Nations, and Transnationalism in Multiple Modernities. Palgrave Macmillan. 2017. səh. 197-220. doi:10.1057/978-1-137-58011-5_10. ISBN 978-1-137-59238-5.
  2. Reimer, D. Die Welt des Islams Zeitschrift der Deutschen Gesellschaft für Islamkunde. Deutsche Gesellschaft für Islamkunde. 1913. səh. 191. 23 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2022.
  3. Zelkina, Anna. Quest for God and Freedom: Sufi Responses to the Russian Advance in the North Caucasus. C. Hurst & Co. Publishers. 2000. səh. 77. ISBN 9781850653844. 23 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2022. Excerpt from note 11: "There are some Naqshbandi branches which trace their silsila through Ali ibn Abi Taleb." See Algar, 1972, pp. 191-3; al-Khani, 1308. pg 6
  4. Kugle, Scott Alan. Sufis & saints' bodies: Mysticism, Corporeality and Sacred Power in Islam. University of North Carolina Press. 2007. 143. ISBN 978-0-8078-5789-2. 3 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2015.
  5. Kabbani, Muhammad Hisham. Classical Islam and the Naqshbandi Sufi Tradition. Islamic Supreme Council of America. 2004. 557. ISBN 1-930409-23-0. 23 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2022.
  6. Ziad, Waleed. From Yarkand to Sindh via Kabul: The Rise of Naqshbandi-Mujaddidi Sufi Networks in the Eighteenth and Nineteenth Centuries // The Persianate World: Rethinking a Shared Sphere. Brill. 2018. səh. 165. doi:10.1163/9789004387287_007. ISBN 9789004387287.