Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağından başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbulçay-Çeder kolçedan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət komponentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olunmuşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar.
== Mənbə ==
Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.