Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi.
== Həyatı ==
Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
1973–1974-cü illər ərzində ABŞ-nin Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirmişdir.