Ağaverdi Paşayev
Ağaverdi Ağaəli oğlu Paşayev (27 oktyabr, 1950, Bakı, Azərbaycan SSR) — azərbaycanlı dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor (1999), Şöhrət ordeni laureatı (2016).
== Həyatı ==
Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada "Oxu tar", "Sən nəğmələr qoş", "Oxu bülbül" adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan "Ulduz" proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur.